Bacısını öldürüb, atası evinə yollanır... Bəs, polis hardadır?
sizinxeber.az xəbər saytı

Bacısını öldürüb, atası evinə yollanır... Bəs, polis hardadır?


Əhməd Əhmədovun ailəsini qətlə yetirməsi olayı çoxsaylı suallar ortaya çıxarır.

Əlbəttə, bütün suallara istintaq aydınlıq gətirəcək, ancaq yayılan təzadlı informasiyalar bu terror hadisəsini müəmmalara bürüyür və onlara toxunmaya bilmərik:

1. Dəhşətli görüntüdən – anasını qətlə yetirilməsi “əməliyyatından” hasil olan qənaət odur ki, qatil soyuqqanlıdır, heç bir həyəcan, affekt vəziyyət, əsəb sarsıntısı keçirən şəxsin çırpıntısı, qorxu hissi yoxdur; o, hətta qardaşı ilə sakitcə ünsiyyət qurur, onun yalvarışlarına rahat reaksiya verir, əlinin qanını belə dəsmala silir, sonra “işini” davam etdirir.

Əgər bu psixoloji an idisə, beyin tormozlanmışdısa, hanı həyəcan, səs-küy, qışqırıq və qətldən sonra baş verənlərin dərki? “Ayılmadımı?” Balaca qardaşının yalvarışları onu özünə gətirmədimi?

2. Bu qətli çəkməklə məşğul olan qonşu həmin vaxt polisə müraciət etməyibmi?

Çox böyük ehtimalla edib və videonu da çəkməklə əslində polisin işini asanlaşdırıb, dəlil yaradıb və s. Yəqin ki, polisə də məhz qətlin hazırda baş verdiyi, qatilin balta ilə anasını-qardaşını doğradığını söyləyib. Polis neçə dəqiqəyə hadisə yerinə gəlib?

3. Hadisəni törətdikdən sonra əlini-qolunu sallayaraq, binadan necə çıxa, maşına minə, ərazidən uzaqlaşa bilir?

4. Qatil bacısını, bacısının azyaşlı övladını öldürəndən sonra uzun yol qət edir, ata-anasının evinə gəlir, atasını tapır və öldürür. Bundan sonra anasına zəng edib, evə çağırır. Demək, anasına zəng edərkən səsində heç bir həyəcan olmayıb, bəlkə də nəsə xahiş edib ki, ana digər oğlunu da məktəbdən götürərək, evə gətirib.

Bütün bunlar qatilin planlı hərəkət etdiyini üzə çıxarır, heç bir tormozlanma, beyin dayanması olmayıb. Olsa, adam yeni Günəşlidən Əhmədliyə qədər necə gələ bilərdi?

Gəlməsi, atasını öldürməsi və anasına zəngi... Atasını öldürərkən heç bir müqavimət görməyibmi?

Əl barmaqlarının kəsilməsi-yaralanmasından görünür ki, müqavimət olub və olmalıdır da. Bu, insanın təbii instinktidir. Bəs, bu hay-küyü qonşular eşitməyib, polisə təkrar müraciət daxil olmayıbmı?

Necə ola bilir ki, Əhməd Əhmədov planlaşdırdığı qətli tam-tamına icra edə bilib və anasını-qardaşını da öldürə bilib, sonra da binanı tərk edib? Yalnız bundan sonra onun yaxalanması mümkün olub!

Bu, bir psixoloji problemi olan şəxsin anlaqsız hərəkəti ola bilməz, bu, planlaşdırılmış terrordur. Bəs, bu terrorlar, qətliamlar ardarda düzüldüyü zaman qonşuların müraciəti, polisin hərəkəti və fəaliyyəti necə olub?

Qətllər bir evdə baş verməyib axı! Qətllər zəncirini yarıda dayandırmaq üçün qonşular polisə doğrudanmı vaxtında xəbər etməyib? Ya edibsə, polis niyə vaxtında hərəkətə keçməyib?

Çox arzulayardıq ki, cəmiyyəti narahat edən bu suallara DİN dəqiq aydınlıq gətirsin: polisə ilk müraciət nə vaxt daxil olub, ilk hadisə yerinə nə vaxt gedilib, növbəti qətllə bağlı siqnal gəlibmi? Əgər gəlməyibsə, qonşular vaxtında xəbər etməyibsə, bunun səbəbi nədir?

Oxşar xəbərlər

Valideynlərini qətlə yetirən şəxs bacısını və körpəsini də öldürüb
Əhməd haqqında daha bir iddia: “Oğluma “beşbarmaq”la zərbə endirib, sonra 18 bıçaq xəsarəti yetirib” - VİDEO
Qətldə şübhəli bilinən şəxsin xalası: “Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb” - VİDEO
Ailə üzvlərini baltalamaqda şübhəli bilinən Əhmədin VİDEOSU
Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər