Parisdə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsi yad edilib
sizinxeber.az xəbər saytı

Parisdə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsi yad edilib


Fransanın paytaxtı Parisdə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsi yad edilib.

“Report”un Fransa bürosu xəbər verir ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həlak olmuş jurnalistlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə gerçəkləşib.

Səfirliyin müşaviri Nigar Hüseynova 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibənin mərhələlərindən bəhs edib.

Diplomat münaqişənin acı reallıqları sırasında mətbuat nümayəndələrinin də həyatları bahasına həqiqəti işıqlandırmaq uğrunda apardıqları mübarizəni xüsusi qeyd edib. O, 1991-ci ildə erməni silahlı birləşmələri tərəfindən qəddarlıqla qətlə yetirilmiş ilk şəhid qadın jurnalist Salatın Əsgərova, eləcə də eyni il Qarabağdakı helikopter faciəsində həlak olmuş tanınmış jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovun adlarını hörmətlə yad edib. Həmçinin, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olmuş və Xocalı soyqırımının dəhşətlərini dünyaya çatdıran Çingiz Mustafayevin tarixi xidmətlərindən danışıb.

O, müasir dövrdə də jurnalistlərin mina təhlükəsi ilə üz-üzə qaldığını vurğulayaraq, 2021-ci ildə Kəlbəcər rayonunda baş vermiş mina partlayışı nəticəsində şəhid olmuş Sirac Abışov və Məhərrəm İbrahimovun faciəvi ölümünü xatırladıb. N.Hüseynova əlavə edib ki, beynəlxalq humanitar hüquq — xüsusilə də Cenevrə Konvensiyasının I Əlavə Protokolu — müharibə şəraitində jurnalistləri mülki şəxslər kimi tanıyır və onların qorunmasını hüquqi öhdəlik kimi təsbit edir.

"Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru və “Musulmansenfrance” portalının təsisçisi Jan Mişel Brən fransalı jurnalistlərin İkinci Qarabağ müharibəsi zamanı hazırladıqları reportajların Fransada yayımlanması ilə bağlı qarşılaşdıqları çətinliklərə toxunub. Qeyd edib ki, həmin reportajlar silinib, yayımlanması qadağan olunub, bəzən isə jurnalistlərin özlərinin bölgəyə getməsinə maneələr yaradılıb.

O əlavə edib ki, bu gün Fransada fəaliyyət göstərən bir çox jurnalistika məktəblərinin təsisçiləri erməni mənşəli fransızlardır və məhz onlar ölkədə media üzərində ciddi təsirə malikdirlər. Onlar mətbuat azadlığına mənfi təsir göstərən addımlar atmaqla, azad və obyektiv informasiya axınına əngəllər yaradırlar. O, bu vəziyyətin dərin təəssüf hissi doğurduğunu vurğulayıb.

Oxşar xəbərlər

Parisdə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib
Birinci və İkinci Qarabağ müharibələrində həlak olan jurnalistlərə həsr olunan videoçarx hazırlanıb
Mehriban Əliyeva: Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır !
Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür
Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər