Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır - RƏY
Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilməlidir:
“Rusiyada son günlər azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların ard-arda həbsi təkcə hüquqi məsələ deyil, bu, eyni zamanda açıq-aşkar siyasi xarakter daşıyan, milli ayrı-seçkilik təəssüratı yaradan, qərəzli bir prosesdir. Bu cür həbslər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur. Bu, nə beynəlxalq hüquq normalarına, nə də dövlətlərarası dostluq münasibətlərinə uyğun gəlir. Azərbaycanlı sahibkarlar və diaspor təşkilatlarının nümayəndələri uzun illər Rusiya cəmiyyətində dinc şəkildə fəaliyyət göstərib, iqtisadiyyata töhfə verib, Azərbaycanla Rusiya arasında körpü rolunu oynayıb. İndi həmin insanlara qarşı məqsədli basqı kampaniyasının aparılması qətiyyətlə pislənməlidir”.
Deputat bildirib ki, bu cür siyasi motivli həbslər Azərbaycan ictimaiyyətində onsuz da reputasiyası çox aşağı olan Rusiya dövlətinə qarşı inamsızlıq və qəzəb yaradır:
“Azərbaycan bu məsələyə biganə qala bilməz. Ölkəmizin aidiyyəti qurumları və diplomatik nümayəndəlikləri haqlı və düzgün olaraq dərhal bu məsələyə müdaxilə edib. Hüquqları pozulan azərbaycanlıların müdafiəsi təmin edilməli, məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır. Eyni zamanda, iki dövlət arasında dostluq münasibətləri birtərəfli təzyiq və təqib əsasında davam edə bilməz. Heç bir dövlət Azərbaycanla təhdid və təzyiq dilində danışa bilməz. Rusiya da bunu anlamalı və öz siyasətini buna uyğun qurmalıdır. Azərbaycan xalqı və dövləti bu cür haqsızlıqları heç vaxt susqun qarşılamayıb və bu gün də öz həmvətənlərinə qarşı edilən ədalətsizliklərə biganə qalmayacaq”.
Oxşar xəbərlər
Vəkil: “Axtarış” və ya “cinayət işi” adı ilə keçirilmiş bu əməliyyatlarda insan hüquqları kobud şəkildə pozulub
Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər
Yekaterinburq hadisəsi azərbaycanlıların milli kimliyinə qarşı açıq hücum, məqsədyönlü cinayətdir - RƏY
Səbinə Salmanova: Baş verən hadisə Azərbaycan – Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir
Azərbaycanın Rusiyadakı səfiri diaspor nümayəndələri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

