
Tofiq Musayev: Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir

Tofiq Musayev: Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir
Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən birinə çevrilib. Hazırda azad edilmiş ərazilərdə 1.5 milyondan çox mina və partlamamış hərbi sursat aşkarlanıb. Bu, təhlükəsiz geri dönüş prosesini və iqtisadi inkişafı ciddi şəkildə ləngidir.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev BMT Təhlükəsizlik Şurasının “Yoxsulluq, geridəqalma və münaqişə: beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsirləri” mövzusunda keçirilmiş açıq debatında çıxışı zamanı bildirib.
Səfir qeyd edib ki, Ermənistanın 1991–1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf yeddi rayon işğal edilib, 20 mindən çox azərbaycanlı həlak olub, bir milyondan artıq insan əsasən qadın və uşaqlar məcburi köçkünə çevrilib. Bu təcavüz zamanı xeyli sayda şəhər və kəndlər yer üzündən silinib, mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər qanunsuz olaraq talan edilib.
T.Musayev vurğulayıb, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Münaqişənin bitməsi ilə Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verib.
Diplomat bildirib ki, Azərbaycan azad edilmiş ərazilərdə insan mərkəzli, innovativ və davamlı inkişaf modelinə əsaslanan strategiyanı həyata keçirir. Bu proses “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” kimi innovativ yanaşmalarla müşayiət olunur. Səfirin sözlərinə görə, bir vaxtlar viranə qalmış ərazilər bu gün müasir yaşayış məntəqələrinə çevrilir. “Hər yeni infrastruktur layihəsi istər hava limanı, istər məktəb, istərsə də təsərrüfat həm inkişafı təmin edir, həm də sabitlik və sülhə töhfə verir,” – o vurğulayıb.
Bununla belə, mina təhlükəsi regionun qarşısında ciddi maneə olaraq qalır. Diplomat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təxminən 1,5 milyon mina və sayı məlum olmayan partlamamış hərbi sursat yerləşdirilib. Bu gizli qatilər təkcə insan həyatına təhlükə yaratmır, eyni zamanda məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını ləngidir.
Səfir Musayev beynəlxalq ictimaiyyəti Azərbaycanın milli humanitar minatəmizləmə səylərinə dəstək verməyə çağırıb: “Bu proses güclü həmrəylik və ortaq məsuliyyət tələb edir. Sülh və firavanlıq yalnız az sayda insanın imtiyazı deyil, bütün bəşəriyyətin haqqıdır”, – daim nümayəndə əlavə edib.