Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təmsilçisi Cəmil Əliyev “Zəkaların mübarizəsi” olimpiadasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Fond təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində, hətta ən ucqar kəndlərində belə yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir:
“Bu proqramların əsas məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir. Fondun elm və təhsillə bağlı layihələri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da həyata keçirilir. Məsələn, ötən ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Afrikada, Ruandanın paytaxtı Kiqali şəhəri yaxınlığında yerləşən bir məktəbə dəstək göstərilib. Həmin məktəbdə oxuyan şagirdlərə müxtəlif ləvazimatlar təqdim olunub, məktəb ilk dəfə internetə çıxışla təmin edilib və müasir texnologiyalara dair biliklərin artırılması istiqamətində tədbirlər görülüb”.
C.Əliyev bildirib ki, bu da Fondun beynəlxalq humanitar missiyasının uğurlu nümunələrindən biridir:
“Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Zəkaların mübarizəsi" layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə çərçivəsində bilik və şahmat üzrə müsabiqələr təşkil olunub, onların regional və respublika mərhələləri uğurla başa çatıb. Mart və aprel aylarında keçirilmiş seçim turlarından sonra bu gün final mərhələsi baş tutur. Bu tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib. Bu kimi təşəbbüslər Azərbaycanın gələcəyinə, gənc nəslin inkişafına və intellektual potensialının artırılmasına mühüm töhfə verir".