Rusiya "Şahed" tipli kamikadze dronları ilə Odessa şəhərinə kütləvi hücum edib, şəhərdə ardıcıl partlayış səsləri eşidilib.

APA "Unian"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı saat 22:11-də verdiyi "Telegram" kanalında Odessada pilotsuz uçuş aparatlarının müşahidə edildiyini bildirib.

Eyni vaxtda şəhər meri Gennadi Truxanov da partlayışlar barədə yazaraq sakinləri təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Saat 22:38-də hərbçilər Odessada yenidən Rusiya dronunun müşahidə edildiyi barədə xəbərdarlıq yayıblar.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperinin bildirdiyinə görə, hücum nəticəsində 4 nəfər xəsarət alıb.

Mülki infrastruktur və avtomobillər zədələnib, yanğın baş verib. Hadisə yerində xüsusi xidmətlər işləyir.