İndoneziyanın Açeh əyalətinin miqrasiya xidməti bölgənin naibi vəzifəsinə namizədin siyasi kampaniyasında güman edilən iştirakına görə Fransanın üç vətəndaşını deportasiya edib.

“Sizinxeber.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Jakarta Globe” portalı məlumat yayıb.

Bildirilib ki, onlar miqrasiya xidməti tərəfindən oktyabrın 8-də saxlanılıb və daha sonra deportasiya ediliblər.

"Üç nəfər siyasi kampaniyada iştirak etməklə viza rejiminin şərtlərini pozublar", - məlumatda vurğulanıb.

Fransızların dəstəklədiyi güman edilən namizədin adı hakimiyyət tərəfindən açıqlanmayıb. Ancaq qeyd edilib ki, əvvəlcə Fransa vətəndaşları yerli istehsalçılardan, o cümlədən siyasətçi Səid Saninin idarə etdiyi kooperativdən paçuli yağı almaq üçün Açehə gediblər.

Hazırda o, Qayo-Lus dairəsində naib vəzifəsinə namizəddir.

Fransızların son səfəri Səid Sani ilə satış müqaviləsi bağlamağa yönəlib. Lakin onların gəlişi yerli seçki kampaniyası mövsümü ilə üst-üstə düşüb ki, bu da onların fəaliyyəti ilə bağlı narahatlıq yaradıb.