Bu gün Bakıda “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda regional iqlim seminarı işə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, 3 gün davam edəcək tədbirdə 20-yə yaxın ölkənin müvafiq dövlət qurumlarından nümayəndələr, eləcə də beynəlxalq təşkilatların əməkdaşları iştirak edir.

Seminar Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatında iqlim fəaliyyətini gücləndirmək məqsədilə təşkil olunub, bu ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Avropa və Mərkəzi Asiya regionu dövlətlərinə dəstək göstərməyi hədəfləyir.

Çıxışlardan sonra regional iqlim seminarı panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması məsələləri müzakirə edilib. Tədbirdə təkmilləşdirilmiş şəffaflıq çərçivəsi, iqlim maliyyəsi, Uyğunlaşma üzrə Qlobal Məqsəd Çərçivəsi, Təsirlərin Azaldılması üzrə Fəaliyyət Proqramı və Paris Sazişinin 6-cı Maddəsi, Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı sektorlarının və qida sistemlərinin Milli Müəyyən edilmiş Töhfələrə (MMT) inteqrasiyası, COP29-un gündəliyindəki aktual mövzularla bağlı təqdimatlar keçirilib.