"Azsığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 458 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,25 % azdır.

9 ayda "Azsığorta"nın gəlirləri 8,949 milyon manat (1 il əvvələ nisbətən 12 % az), xərcləri 8,376 milyon manat (2,75 % az), mənfəət vergisi ödəmələri isə 115 min manat (63 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Azsığorta"nın aktivləri 29,777 milyon manat olub ki, bu da illik müqayisədə 3,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,1 % azalaraq 10,736 milyon manata, balans kapitalı isə 0,2 % azalaraq 19,041 milyon manata düşüb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank" ASC-nin 99,64 %-lik, "Bank of Baku" ASC-nin isə 31,11 %-lik səhmdarı) məxsusdur.