Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün artıq yerdə reallığa çevrildiyini, lakin indi onun hüquqi cəhətdən təsbit edilməsinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, davamlı sülh tənzimlənməsi həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri üçün böyük əhəmiyyət kəsb edir.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Paşinyan Brüsseldə keçirilən Avropa İttifaqının genişlənməsi üzrə sammitdə "Euronews"a verdiyi müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, onun fikrincə, Avropa İttifaqının münaqişə vəziyyətində olan bir ölkəni qəbul etməyə hazır olacağı inandırıcı görünmür. Bununla belə, o vurğulayıb ki, Ermənistanın vəziyyətində vacib müsbət dəyişiklik var: Azərbaycanla sülh 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra bərqərar edilib.

Paşinyan bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyini və təşəbbüsünü xüsusi olaraq qeyd edib.

Onun sözlərinə görə, söhbət yalnız niyyət bəyannaməsindən getmir, çünki əldə olunmuş razılaşmalar artıq yerdə vəziyyətin real dəyişməsinə gətirib çıxarıb.

"Bu, sadəcə sülh haqqında bəyannamə deyildi. O, yerdə reallığa çevrildi. Nəzərdə tuturam ki, hazırda yerdə bizim həqiqi sülhümüz var", - deyə Paşinyan bəyan edib.

Bununla yanaşı, o, əldə olunmuş nəticənin institusional olaraq möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

"Xüsusilə dünyada baş verənləri nəzərə alsaq, indi sülhü institusionallaşdırmaq çox vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi Vaşinqtonda xarici işlər nazirlərimiz tərəfindən paraflanıb. İndi biz sazişi imzalamalı və onu ratifikasiya etməliyik", - deyə baş nazir deyib.