İran Böyük Britaniyanın Kral Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilatlar siyahısına daxil edib. Həmçinin Britaniyanın xarici kəşfiyyat xidməti MI6 düşmən qruplar sırasında tanınıb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, MI6 "Casusluğa və milli təhlükəsizliyə qarşı İsraillə və düşmən ölkələrlə əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi haqqında" qanunua uyğun olaraq düşmən qrup hesab edilir.

Sənəddə bildirilir ki, bu tədbirlər son bir il ərzində Londonun İrana qarşı düşmənçilik fəaliyyəti, o cümlədən ABŞ və İsrailin İrana qarşı müharibəsində öz ərazisindəki hərbi bazalardan və obyektlərdən istifadə üçün şərait yaratması ilə əlaqədar Milli Təhlükəsizlik Ali Şurasının qərarı əsasında qəbul edilib.

Qərarda həmçinin bu il iyulun 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil edilməsi də nəzərə alınıb.

İran XİN-in açıqlamasına görə, ABŞ-nin SEPAH-ı terrorçu təşkilat kimi tanımasına cavab olaraq Böyük Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələri də müvafiq qanun əsasında terrorçu təşkilatlar elan edilib.