ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını yenidən öz şərəfinə adlandırmaq niyyətində olduğunu açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib:

"Düşünürəm ki, onun adını dəyişib Tramp boğazı qoyacağıq. Biz Meksika körfəzini Amerika körfəzi, füsunkar Ontario gölünü isə Amerika gölü olaraq yenidən adlandırdıq. Zənnimcə, vaxt gələcək Hörmüz boğazı da Tramp boğazı adlanacaq.

Artıq bir körfəzimiz və gölümüz var, növbədə isə boğaz ola bilər. Sizcə mən zarafat edirəm? Meksika körfəzinin adını Amerika körfəzi edəndə də hamı elə bilirdi ki, zarafatlaşıram. Hər kəs bunun çox gülməli olduğunu deyirdi. Lakin mən bunu həqiqətən edəcəyimi bildirmişdim".

Həmçinin Tramp hazırda Hörmüz boğazından yeddi ay əvvəlkinə nisbətən daha çox neftin keçdiyini vurğulayaraq, İranla yaranmış münaqişə başa çatdıqdan sonra neft və benzin qiymətlərinin aşağı düşəcəyinə söz verib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ liderinin imzaladığı fərmanlara əsasən, Meksika körfəzi və Ontario gölü müvafiq olaraq Amerika körfəzi və Amerika gölü kimi yenidən adlandırılıb. Bu sərəncamlar həmin coğrafi məkanların federal xəritələrdə və hökumət sənədlərində qeyd olunma qaydasını dəyişdirir. Bununla belə, Trampdan sonra gələcək prezidentlər sözügedən dəyişiklikləri ləğv edən yeni sərəncamlar imzalaya bilərlər.