"Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi, bu prosesin davam etdirilməsi baxımından BMT-nin Sivilizasiyalar Alyansına etimad göstərilməsi çox vacibdir".
Sizinxeber.Az xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının baş katibinin müavini Migel Anxel Moratinos Beynəlxalq Təşkilatların 3-cü Yüksəksəviyyəli Görüşünün və Bakı Prosesinin 6-cı Nazirlər Toplantısının Xüsusi Birgə Sessiyasında (I hissə) deyib.
Onun sözlərinə görə, barışıq prosesinin davam etdirilməsinə, dini məkanların irsinin və tarixi-mədəni abidələrinin qorunmasına töhfə verməyə hazırdırlar:
"Təbii ki, antisemitizm və islamofobiya ilə mübarizə də bizim məsuliyyətimizə daxildir. Antisemitizmin bütün formalarına qarşı mübarizə aparmaq üçün əlaqələndirici mərkəz kimi fəaliyyət göstərən müvafiq plan hazırlayırıq.
Düşünürəm ki, bu təşəbbüslər, genişmiqyaslı maliyyə mənbələri ilə müqayisədə kiçik olsa da, məhdud imkanlara malik, hökumət dəstəyinin yetərli olmadığı şəraitdə belə mühüm nəticələr verə bilər. Əsas məsələ bu təşəbbüsləri birbaşa yerli icmalarla, sahədə fəaliyyət göstərən insanlarla birlikdə həyata keçirməyimizdir".