"Son zamanlar din pərdəsi altında gizlənən, ayrı-ayrı xarici kəşfiyyat şəbəkələri tərəfindən dəstəklənən bəzi radikal qruplar və virtual şəbəkə fəallarının məktəblərimizi, müəllimlərimizi, ayrı-ayrı fərdləri hədəf seçərək dünyəviliyə qarşı açıq hücuma keçiblər. Bu, milli təhlükəsizliyimizə və suverenliyimizə birbaşa təhdiddir".
Sizinxeber.Az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında səsləndirib.
O bildirib ki, strateji müttəfiqimiz olan dövlətlərlə, ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanları da cəlb edilməklə parlamentlərin nəzarətində birgə təhqiqat qrupları formalaşdırılmalıdır:
"Bu təxribatları törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı, onlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinə nail olunmalıdır. Ən azı Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin tələbidir ki, müttəfiqliyimiz yalnız diplomatik masada deyil, eyni zamanda informasiya cəbhəsində də qətiyyətlə qorunmalıdır. Azərbaycan dünyada dininə, mənəviyyatına ən yüksək səviyyədə sahib çıxan, inanclara dərin ehtiram bəsləyən unikal bir dünyəvi dövlətdir. Bu gün inancı siyasiləşdirib qarşıdurma alətinə çevirmək istəyən qrupların təsiri altına düşən vətəndaşlar, bir özlərinə sual versinlər ki, 30 il boyunca Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin düşmən tərəfindən dağıdılmasına, donuz damına çevrilməsinə kim son qoydu? Kim 1 milyondan artıq müsəlman ümmətini didərginlikdən xilas elədi? İslam dəyərlərini tapdaqdan, məscidləri, ziyarətgahları müsəlman ümmətinin qəbirlərini təhqirdən xilas edən bir liderin idarə etdiyi dövlətə və rəhbərlik etdiyi xalqa heç kim əqidə dərsi keçə bilməz. Təklif edirəm ki, dövlətin dünyəvi əsaslarını və milli birliyimizi hədəfə alan fəaliyyətlərə qarşı cəza tədbirlərinin kəskinləşdirilməsi məsələsi Milli Məclisin cari 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına daxil edilsin".
B.Məhərrəmov əlavə edib ki, cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar ciddi nəzarətə götürülməlidir:
"Həyatda heç bir nümunəvi nailiyyəti olmayan, intellektual səviyyəsi və dünyagörüşü dövlətçilik maraqlarını anlamağa imkan verməyən adamların sosial problemləri manipulyasiya edərək cəmiyyətə nəyisə təlqin etmək, kütləyə yön vermək hüququ olmamalıdır! İnformasiya məkanı dövlətimizin suverenlik hüdududur və bura kütlələrin beynini zəhərlədiyi bir poliqon ola bilməz. Heç kimi haqqı yoxdur ki, internet resurslarında özünü dövlətə münasibətdə prokuror və ya ittihamçı kimi aparsın. Bu sərhədlər daxilində yeganə hakim dövlətin özüdür".