"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır".

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpaolunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.

Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir", - deyə müraciətdə qeyd edilir.

Prezident İlham Əliyev müraciətində bildirib: "Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Biz bu alətləri təkmilləşdirməyə və investorlara uzunmüddətli layihələri əminliklə həyata keçirməyə imkan verən şərait yaratmağa davam edəcəyik".