ABŞ-nin hücumları yenidən başlayacağı təqdirdə, İran ordusu Birləşmiş Ştatların indiyədək hədəfə alınmayan obyektlərinə yeni silahların köməyi ilə zərbələr endirəcək.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi məlumat verib.
"Bizim hədəflərimiz də artıq əvvəlki kimi qalmayacaq. Hələ heç vaxt zərbə endirilməyən yeni hədəflərimiz mövcuddur", - deyə SEPAH rəsmisi bildirib.
Möhibi vurğulayıb ki, gözlənilən dəyişikliklər müharibə coğrafiyasını, eləcə də istifadə edilən silah və hərbi texnikanı əhatə edəcək:
"Döyüş meydanına yeni imkanlara malik silahlar çıxaracağıq və bu, bütün dünyanı heyrətləndirəcək".
Qeyd edək ki, daha əvvəl İran ordusundan yayılan informasiyada bildirilib ki, rəsmi Tehran ABŞ-nin yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazırlaşması ilə bağlı məlumatlara malikdir.