ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) inkişaf tempinin məhdudlaşdırılması ilə bağlı müzakirələrə qoşulub.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Sİ-ni nəzarətdə saxlamağın və ya onu qorumağın yeganə yolu güclü və ağıllı, yüksək İQ-yə malik prezidentdir. ABŞ-də isə belə prezident kifayət qədərdir!", - deyə Tramp bildirib.
O qeyd edib ki, administrasiyasının Sİ sahəsində böyük tənzimləyici səlahiyyətləri var. Tramp bu səlahiyyətlərin, o cümlədən "Anthropic" şirkətinin rəhbəri Dario Amodeinin "pis addımlar atmasının" qarşısını aldığını iddia edib.
Tramp həmçinin Sİ və məlumat emalı mərkəzlərinə qarşı "çox güclü sui-qəsd"in olduğunu bildirib və bunun yalnız Çinin maraqlarına xidmət etdiyini deyib. O, ABŞ-nin bu sahədə rəqiblərini qabaqladığını və bunu davam etdirəcəyini vurğulayıb.
Amodei ötən həftə Sİ-nin inkişafının insanın bu sistemlər üzərində nəzarət imkanlarını üstələyə biləcəyi barədə xəbərdarlıq edərək texnologiyanın inkişaf tempinin yavaşladılmasına çağırıb. Onu "OpenAI" rəhbəri Sem Altman da dəstəkləyib.