Bakıda xeyli insanı dələduzluq yolu ilə aldadaraq onların 500 min manatadək pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Cəlilov və Habil Quliyevin barələrindəki cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Sizinxeber.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən A.Ə. təqsirləndirilən Orxan Cəlilovun özünü həkim kimi tanıtdığını bildirib:

"3 il qabaq torpaq sahəsi almaq istəyəndə makler vasitəsilə Orxanı tanıdım. Torpağı göstərəndə, ona 4000 manata yaxın pulu verdim. Onu ilk dəfə həmin gün görmüşdüm. Deyirdi ki, torpaqların hamısı onun yeridir. Tikintiyə başlayanda tanımadığımız adamlar tökülüşüb üstümə gəldilər ki, bizim ərazimizdə qanunsuz tikinti başlamısınız. İş polisdə araşdırıldı. Sənədlərin saxta olduğunu o zaman bildik".

Zərərçəkən A.B. hərbiçi olduğunu, qardaşı vasitəsi ilə torpaq sahəsini aldığını deyib:

"Mən 2023-cü ildə keçirilən antiterror əməliyyatları zamanı yaralanıb hospitalda müalicə alırdım. Torpaq almaq istəyirdim, durumuma görə bu işi qardaşıma həvalə etdim. Hospitaldan çıxıb gələndən sonra sənədlərin saxta olduğunu bildim. Bu adama 10 700 manat vermişdik. Pulum qaytarılmayıb".

Növbəti iclas 23 sentyabra təyin olunub.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs - Orxan Cəlilov və Habil Məmmədov sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar.

Bildirilir ki, təqsirləndirilən şəxslər sənədləşmə prosesində iştirak edərək, saxta torpaqların sahibi qismində özlərini müştərilərə təqdim ediblər.

Orxan Cəlilov Habil Quliyevi bir çox müştərilərə dayısı kimi təqdim edərək, satılan torpağın onun adına olduğunu bildirib. Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi başlanılıb.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli