ABŞ Ali Məhkəməsi Prezident Donald Trampa Ağ Evdə bal zalının tikintisi işlərini davam etdirmək hüququ verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ-nin Tarixi İrsin Qorunması Fondunun qaldırdığı iddianın rədd edilməsi barədə qərar hakimlərin beşinin dördə nisbətində səs çoxluğu ilə qəbul edilib.
Hakimlər belə qənaətə gəliblər ki, fondun bal zalının inşasına etiraz etmək üçün kifayət qədər əsası yoxdur və hazırda prosesin dayandırılması Tramp administrasiyasına bərpaedilməz ziyan vura bilər.
Nəşr qeyd edir ki, Konqresin icazəsi olmadan aparılan tikintinin qanuniliyi məhkəmə tərəfindən araşdırılmayıb. İddia qrup üzvlərindən birinin layihənin onun estetik, mədəni və tarixi maraqlarını pozması ilə bağlı müraciətinə əsaslanırdı. Hakimlər vurğulayıblar ki, Ali Məhkəmənin təcrübəsinə əsasən, məhkəməyə işi başlamaq üçün sadəcə təhqir olunma, narazılıq və ya bəyənməmə halları kifayət etmir.
Bununla yanaşı, məhkəmə sədri Con Roberts və digər üç hakim tikintinin böyük ehtimalla qanunsuz olduğunu bildirərək qərarla razılaşmayıblar. Tramp yeni bal zalının inşası məqsədilə Ağ Evin şərq qanadının yenidənqurmasına 2025-ci ildə başlayıb. Layihənin dəyəri 400 milyon dollar qiymətləndirilsə də, prezidentin sözlərinə görə, xərclər onun şəxsi vəsaiti, eləcə də özəl şəxslər və şirkətlərin ianələri hesabına qarşılanacaq. Daha sonra Tramp hərbçilərin bal zalının altında nəhəng kompleks inşa etdiyini açıqlayıb. Onun sözlərinə əsasən, bunkerdə bomba sığınacaqları, olduqca vacib tibbi müəssisələr, ən müasir qorunan rabitə vasitələri və bioloji silahlardan müdafiə sistemləri yerləşəcək.
ABŞ-nin Tarixi İrsin Qorunması Fondu administrasiyanın yeni binanın tikintisi üçün Ağ Evin tarixi şərq qanadını sökməsindən sonra məhkəməyə müraciət etmişdi.
İki aşağı instansiya məhkəməsi iddianı təmin edərək bal zalının inşasını qanunsuz hesab etmiş və işlərin dayandırılmasını tələb etmişdi. Lakin administrasiya apellyasiya şikayətləri verdiyi müddətdə tikintinin dayandırılması ilə bağlı qərarın icrası dondurulmuşdu.