Alimlər korroziyanın indiyədək məlum olmayan yeni mexanizmini aşkar ediblər: elektrik yüklü su damcıları metalların qoruyucu örtüklərini sıradan çıxararaq onların paslanmasına şərait yaradır. Bu kəşf bütün dünyada infrastruktura, texnikaya və mədəniyyət abidələrinə potensial təhlükənin olduğunu göstərir.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Nature" jurnalında dərc edilib.
Su damcıları səthlərlə təmasda olduqda, tufan buludlarında, okean dalğalarının çırpılması zamanı və ya şəlalələrdə təbii şəkildə - statik elektrik enerjisinin yaranmasına bənzər formada elektrik yükü toplayır.
Tədqiqatçılar sübut ediblər ki, bu cür yük hətta qızıl və mis üzərindəki qoruyucu təbəqələri belə deşə bilən güclü "elektrik deşilməsi" prosesini işə salır.
Bunu təsdiqləmək üçün alimlər su damcılarını bitki yarpaqları, polistirol, kvars və PVC üzərindən diyirlədərək örtüklü mis nümunələrinə yönəldiblər. Minlərlə zərbədən sonra metalın səthində spesifik zədələnmələr müşahidə olunub. Əsas sübut ondan ibarət olub ki, elektrik baxımından neytral olan damcılar heç bir zərər vurmayıb. Bu isə o deməkdir ki, zədələnmənin səbəbi zərbənin gücü yox, məhz damcının daşıdığı elektrik yüküdür. Yüklənmiş damcılar kimyəvi maddələrin istehsalı, şırnaqlı çap və elektrostatik püskürtmə kimi bir çox sənaye prosesi zamanı da yaranır.
Lakin tədqiqat müəllifləri qeyd edirlər ki, real yağış damcılarının nə dərəcədə güclü elektrik yükünə malik olduğu hələlik tam məlum deyil. Gələcəkdə aparılacaq sahə ölçmələri infrastruktura dəyə biləcək real təhlükəni qiymətləndirməyə imkan verəcək.
Bu kəşf korroziya haqqında mövcud təsəvvürləri dəyişdirir: indiyədək belə hesab edilirdi ki, metala yağış damcılarının tərkibindəki elektrik yükü deyil, yalnız çirkləndiricilər və həll olunmuş turşular zərər verir. Yeni mexanizmin dərk edilməsi nəqliyyat vasitələri, binalar, körpülər və muzey eksponatları üçün daha davamlı qoruyucu örtüklərin yaradılmasına kömək edəcək.