Avropanın üç ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa), həmçinin Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə İstanbulda İranla bağlı keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadla DPA agentliyi məlumat yayıb.

Buna səbəb iştirakçılardan birinin iş qrafikində yaranmış uyğunsuzluq olub. Görüşün yeni tarixi hələlik müəyyən edilməyib.

Bundan əvvəl DPA bildirmişdi ki, Almaniya, Türkiyə, Fransa və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri avqustun 30-da İstanbulda Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən olan həmkarları ilə bir araya gəlməli idilər. Danışıqların təşəbbüskarı qismində Almaniya və Türkiyə tərəfləri çıxış edib.

Nazirlərin Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsi yollarını, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəkləri planlaşdırılırdı.

İştirakçı dövlətlər bu görüşün ABŞ üçün İranla danışıqların davam etdirilməsinin vacibliyi barədə bir siqnal olacağını gözləyirdilər. Bundan əlavə, İstanbulda Qara dənizdəki vəziyyətin və Ukrayna taxılının ixracı məsələlərinin də müzakirəsi nəzərdə tutulurdu.