Alimlər dinləyicilərin emosiyalarına ən çox təsir edən mahnı sözlərinin hansı mövzularla bağlı olduğunu araşdırıblar. Məlum olub ki, insan yaxınlığı və insanlar arasındakı əlaqələrdən bəhs edən mahnılar dinləyicilərdə daha güclü emosional reaksiya yaradır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Psychology of Music” jurnalında dərc olunub.
Tədqiqatçılar 1988-2023-cü illər ərzində Avstraliyanın ARIA musiqi çartlarında ilk onluğa daxil olan 360 unikal mahnının sözlərini təhlil ediblər. Araşdırma zamanı mətnlərin məzmun analizi aparılıb, həmçinin MuseAI adlı süni intellekt alətindən istifadə olunub.
Mahnı sözləri insanların əsas psixoloji ehtiyacları - müstəqillik, bacarıq və digər insanlarla əlaqə ehtiyacı prizmasından qiymətləndirilib.
Nəticələrə əsasən, çartlara daxil olan mahnıların 73 faizində insanlar arasındakı yaxınlıq və əlaqə mövzusu yer alıb. Alimlər müəyyən ediblər ki, insanların psixoloji ehtiyaclarının ödənilməsindən bəhs edən mahnılar onların qarşılanmaması ilə bağlı mahnılardan daha çoxdur. Belə ki, mahnıların təxminən 47 faizində bu ehtiyacların təmin olunması, 25 faizində isə əksinə, onların qarşılanmaması mövzusu ön plana çıxıb.
Müstəqillik mövzusu mahnıların 15,6 faizində, bacarıq və nailiyyətlə bağlı mövzular isə 11,4 faizində üstünlük təşkil edib.
Araşdırma həmçinin göstərib ki, müxtəlif musiqi janrlarında fərqli psixoloji mövzular daha çox diqqət çəkir. Məsələn, hip-hop janrında uğur, nailiyyət və bacarıq motivlərinə daha çox rast gəlinir. Alternativ musiqilərdə isə insanlar arasındakı yaxınlığın və emosional əlaqənin çatışmazlığı daha çox ifadə olunur.
Tədqiqat müəllifləri bildiriblər ki, musiqi dünyada milyardlarla insanın gündəlik həyatının bir hissəsidir. Bu baxımdan mahnı sözlərində hansı mövzuların insanlarda daha güclü emosional təsir yaratdığını anlamaq mühüm əhəmiyyət daşıyır. Araşdırmaçılar dünyada təxminən 5,7 milyard insanın musiqi dinlədiyini qeyd ediblər.