Bakıda və Abşeron rayonunda aparılan yol-təmir işləri ilə əlaqədar yeddi müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bununla əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun "Azadlıq" stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil olunub.
Bundan başqa, paytaxtın Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar daha beş müntəzəm marşrutun hərəkəti alternativ küçələrə yönləndirilib.
Belə ki, 106, 141, 168 və 169 nömrəli marşrutların avtobusları Heydər Əliyev prospekti, 214A nömrəli marşrutun avtobusları isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.