Alimlər müəyyən ediblər ki, eyni seçimi təkrar etmək insanın üstünlüklərinə təsir göstərir. Belə ki, insanın əvvəllər seçdiyi variant zaman keçdikcə digər alternativlərdən daha yaxşı görünməyə başlayır. Hətta obyektiv baxımdan daha sərfəli seçim mövcud olsa belə, insan artıq tanış olduğu varianta üstünlük verə bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Communications Psychology” jurnalında dərc olunub.

Tədqiqat Drezden Texniki Universitetində Ben Vaqner və professor Ştefan Kibelin rəhbərlik etdiyi komanda tərəfindən aparılıb. Alimlər ümumilikdə 700-dən çox insanın iştirak etdiyi 15 məlumat toplusunu təhlil ediblər. Onlardan doqquzu tədqiqatçılar tərəfindən toplanıb, altısı isə əvvəlki araşdırmalardan götürülüb.

Nəticələr göstərib ki, insanların daha çox seçdiyi variantlara yalnız üstünlük verilməyib, həmin seçimlər həm də iştirakçılar tərəfindən obyektiv baxımdan daha yaxşı qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, bunun səbəbi beynin qərarvermə zamanı enerjiyə qənaət etməyə çalışmasıdır. İnsan hər dəfə mövcud variantların bütün üstün və mənfi cəhətlərini yenidən müqayisə etmək əvəzinə, əvvəlki təcrübəsinə əsaslanır. Daha əvvəl verilmiş qərar bir növ “hazır ipucu” rolunu oynayır və məntiqi müqayisəni əvəz edə bilir.

Alimlər hesab edirlər ki, bu mexanizm ilk baxışdan məntiqsiz görünən bir sıra vərdişləri də izah edə bilər. Məsələn, insan daha yaxşı alternativlər mövcud olsa belə, daim eyni məhsulları almağa və ya gündəlik həyatında illərdir formalaşmış eyni rutinləri davam etdirməyə meyilli ola bilər.

Tədqiqatın nəticələri psixologiya və davranış elmləri baxımından əhəmiyyətli hesab olunur. Alimlərin fikrincə, əldə edilən nəticələr insanların qərar qəbul etdiyi mühitin və seçimlərin təqdim olunma formasının hazırlanması baxımından da nəzərə alına bilər.