ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma əldə etmək naminə İrana planlaşdırılan güclü zərbəni ləğv etməyə razılaşdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasındakı paylaşımında yazıb.
"ABŞ İran İslam Respublikasına qarşı İkinci Dünya Müharibəsindən bəri görünməmiş hərbi terror, qüvvə və güc miqyasında hərəkətə keçməyə tam döyüş hazırlığındadır", - deyə o bildirib.
ABŞ prezidenti qeyd edib ki, buna baxmayaraq, İran və Yaxın Şərqin digər ölkələri Vaşinqtondan hücumdan çəkinməyi xahiş ediblər.
"Çünki razılaşmanın əsas şərtləri artıq razılaşdırılmışdı. Bu razılaşma Hürmüz boğazının dərhal və tam şəkildə açılmasını, həmçinin İranın nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tuturdu. Bu xahişi nəzərə alaraq, tezliklə razılaşma əldə olunacağı təqdirdə sülhün maraqları, eləcə də İranın yaşaması və tərəqqisi naminə zərbəni ləğv etməyə razılaşdım", - deyə ABŞ lideri vurğulayıb.
