Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlər üçün çox vacibdir*
"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN ilə birgə keçirilən təlim turizm sənayesi üzvləri, bələdçilər, xüsusi dağ bələdçiləri üçün mühüm addımdır:
"Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlərin təhlükəsizliyi üçün vacib amildir. Bu sahə ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin də əsas prioritet sahələrindəndir. Biz təbiət və aktiv turizmin inkişafına xüsusi üstünlük veririk. Eyni zamanda regionlarda xüsusilə bu sahənin inkişafı mühüm prioritetimizdir. Dağ piyada marşrutlarının inkişafı, macəra turizmində standartların qəbul olunması və dağ bələdçiliyi üzrə fəaliyyət göstərən federasiyalarla görüşlərin keçirilməsi sahənin daim nəzarətdə olduğunun göstəricisidir".