Ağdamdan gənclik illərində çıxan sakin 33 ildən sonra doğma yurduna qayıtdığı üçün sevincli idi.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ağdam şəhərinə yola salınan Namiq Cabbarov deyib.

"Ağdamdan çıxanda 17-18 yaşım var idi, şükürlər olsun ki, 33 ildən sonra gözəl, doğma Ağdamıma qayıdıram", - o bildirib.

Hazırda Namiq Cabbarov Ağdama beş nəfərdən ibarət ailəsi ilə qayıdır.

Şövkət Xəlilova da Ağdama qayıdanlar arasında idi: "Necə sevincliyəmsə, fikrimi dilə gətirə bilmirəm. Xocalı soyqırımının gecəsi idi, iki uşağımın əlindən tutub çıxdım. İndi həmin uşaqlarla - nəvəli, nəticəli gedirəm".

Anar Tahirov isə 1992-ci ildə Xocavəndin Qaradağlı kəndindən məcburi köçkün düşüb. "Oradan çıxanda beş yaşım var idi", - Anar Tahirov deyib və əlavə edib ki, uşaqlıqdan ayrı düşdüyü doğma yurduna qayıtmağı səbrsizliklə gözləyir.

Qeyd edək ki, bu gün Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınır.