Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir.

Sizinxeber.az apa-ya istinadən xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O qeyd edib ki, belə bir tədbirin uğuru ilk növbədə nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkilindən asılıdır:

"Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş əsas istiqamət üzrə fəaliyyət göstərəcəyik:

-Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi

– Hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması

– Yol hərəkətinin və tənzimləmələrin idarə olunması

– Rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması;

– Şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sistemi.

Xidmətlərimiz bir neçə kateqoriyaya bölünür:

– Müntəzəm avtobus və transfer xidmətləri;

– Rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili;

– Nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması;

– Yol hərəkətinin tənzimlənməsi;

– Xüsusi hərəkət zolaqlarının təşkili;

– Nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması

– İstiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması;

– Taksi əməliyyatları;

– Məkan daxilində nəqliyyat və qolfkart xidmətləri;

– Fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi".

O deyib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir:

"Sistemimizin dörd əsas məkanı mövcuddur:

– Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı;

– Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı;

– Şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları;

– Bakı üzrə rəsmi otellər.

Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir".