Kamran Əliyev: Baş Prokurorluqla Qarabağ Universiteti arasında işgüzar münasibətlər inkişaf edəcək
Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransdan əvvəl Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, prokurorluq əməkdaşları və digər qonaqlar universitetin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub.
APA-nın yerli bürosu xəbər verir ki, onlar Qarabağ Universitetinin müasir standartlara cavab verən zəngin kitabxana fondu, elektron resurslar sistemi və tələbələrin elmi tədqiqat fəaliyyətini dəstəkləyən şərait barədə ətraflı məlumat verilib.
Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.
Məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq, tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.
Baş Prokuror Kamran Əliyev konfransda deyib ki, Baş Prokurorluq ilə Qarabağ Universiteti arasında işgüzar münasibətlərin inkişafı və qarşılıqlı fəaliyyətin uğurla davam edəcəyinə inanır. Onun sözlərinə görə, onilliklər boyu işğal altında olmuş Xankəndi şəhərində, yeni istifadəyə verilmiş Qarabağ Universitetində belə bir tədbirin keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Silahlı Qüvvələrin rəşadətinin nəticəsidir:
“Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib”.
Həmçinin Baş Prokuror onu da vurğulayıb ki, Ermənistan və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılıb. Həmin cinayətlər aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.
Oxşar xəbərlər
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir
ETN və Baş Prokurorluğun nümayəndə heyəti Qarabağ Universitetinin tələbələri ilə görüşüb
Nazir: Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır
Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO
Kamran Əliyev İrkutsk Dövlət Universitetinin nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













