

Himayədər ailəyə verilən uşaq: Hər gecə dua edirdim ki, Allahım, nənəmə çoxlu pul ver, gəlib bizi evimizə aparsın - REPORTAJ
“Himayədar ailə” modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Azərbaycanda da himayədar ailələr az deyil. Məsələn, son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 47 uşaq himayədar ailəyə verilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Himayədar ailələrə verilən 47 uşaqdan 25-i hazırda Bakı şəhərində yaşayır. Onlardan birinin himayəçisi ilə həmsöhbət olmaq üçün yolumuzu Əmircandan saldıq. Burada yaşayan Xəlilova Nailə körpə yaşdan uşaq evinə yerləşdirilən nəvələri Məhəmməd (9 yaş) və Laləni (11 yaş) artıq bir ilə yaxındır himayə edir. Fotoqrafımızla birgə "Tatar qəbiristanlığı" adlandırılan məhəllədə onun evini axtararkən bir qadın uzaqdan bizə tərəf səslənir - “düz gəlmisiniz”. Yaxınlaşıb uşaqları soruşuruq. O da qonşuluqda tut yeyən balacaları çağırır və evə daxil oluruq.
Nailə xanım söhbətə başlayır. Səsi həm yorğun, həm də inamlıdır:
“Əvvəl oğlumla gəlinim çox mehriban yaşayırdılar. Sonra bəzi sağlamlıq problemləri ortaya çıxdı. Oğlumun əvvəldən psixoloji narahatlıqları olub, amma daim müalicə alıb. Kənardan baxan heç kəs deyə bilməzdi ki, onun belə problemi var. Sonra gəlinimin də səhhətində müəyyən problemlər yarandı. Bu vaxt valideynlər arasında ziddiyyətlər meydana gəldi. Nəvələrim o zaman cəmi 2-3 yaşında idilər. Mən onlara həm maddi, həm də mənəvi dəstək olmağa çalışırdım. Bəzən işdən yorğun qayıdıb pəncərədən baxırdım, öz‑özümə düşünürdüm ki, bəlkə sabah nəsə dəyişər. Amma Məhəmməd 2,5 yaşında olanda anası çıxıb getdi. Mən uşaqlara bir il yarım baxdım”.
O, gözündən süzülən yaşları silərək davam edir:
“Özüm uşaqlarımı atasız böyütmüşəm. 21 il öncə yoldaşımı itirmişəm, uşaqlarımı çətinliklə böyütmüşəm. Sutkalıq işlərdə işləyirdim. Evlərə təmizliyə, restoranlarda qab yumağa gedirdim. Gördüm çatdıra bilmirəm, evin işi getmir, ya işə getməli, ya da uşaqlara baxmalı idim. Oğlum dedi ki, uşaqları uşaq evinə qoyaq. Ürəkağrısı ilə razılaşdım və onları evimizə yaxın yerdə uşaq evinə qoyduq. Amma axıra qədər uşaq evində qalmalarına razı olmadım. Hər həftəsonu, bayramlarda uşaqlar mənimlə olub. İşlədiyim yerdə müdirim uşaqları özümlə gətirməyə icazə vermişdi. Hətta otaq da ayırmışdı ki, uşaqlar orada yemək yesinlər, oynasınlar, mən də işimi görüm.
Bazar günü axşam onları uşaq evinə qaytarırdım. Sonra öyrəndim ki, uşaqları götürüb özümüz baxa bilərik, dövlət də dəstək olacaq. İnanın elə sevindim. Sənədləri düzəltdim, həkim qəbulundan keçdim. Nəhayət, uşaqları mənə verdilər. Ümumilikdə, 7 il uşaq evində qalıblar. İndi hər ay nazirlikdən yoxlama gəlir. Uşaqlar daim dövlət nəzarətindədir”.
Nailə xanımdan uşaqların atasının harada olduğunu soruşuram. O, oğlunun hazırda işlədiyini, başqa yerdə kirayədə qaldığını deyir:
“Arada gəlib uşaqları görür, maddi dəstək də olur. Layihənin qaydalarına görə, valideyn uşağa vaxtında baxmayıbsa, bir yerdə qala bilməz. Amma Məhəmməd atasına çox bağlıdır. Ümumiyyətlə, valideynlərinin yanında olmamağı onlara çox pis təsir edir. Anası ikinci dəfə ailə qurub. Əvvəllər uşaqlar mənim icazəmlə bir-iki dəfə anaları ilə qalıblar. Sonra uşaqlar dedilər ki, “nənə, bizi bir də ora göndərmə". Ondan sonra göndərmədim, anaları hərdənbir soruşur ki, uşaqlar necədir, deyirəm yaxşıdır. Vəssalam!”
Bu vaxt telefonla oynayan Məhəmməd söhbəti bölür, “nənə, deyirlər, bura kosmik gəmi düşəcək”. Nailə ana gülə‑gülə “Gəmi düşəndə görərik” söyləyir.
Lalə qardaşının sözlərinə düzəliş edir: “Qaqa, o gəmi artıq Hind okeanına düşüb”. Hamımız gülüşürük...
Sonra Nailə xanım uşaqların adaptasiyası üçün psixoloqlardan, ilk vaxtlarda məktəbdə rast gəldiyi ayrı‑seçkilikdən danışır:
“Keçən yaydan bəri psixoloqların qəbulunda olmuşuq. Uşaqların evə, ailə mühitinə adaptasiya olması üçün söhbətlər aparıldı. Məhəmməd çox aqressiv uşaq idi. İndi xeyli irəliləyiş var. Əvvəl söz deyirdim, məni eşitmirdilər. Məktəbdə ilk vaxtlar hiss etdim ki, uşağa qarşı ayrı-seçkilik var. Getdim, danışdım, dost olmağı təklif etdim. İndi münasibət yaxşıdır”.
Himayədar ana təkcə maddi deyil, mənəvi sədləri də sındırmaq, nəvələrinə “ailə istiliyi”ni hiss etdirmək üçün əlindən gələni edir. Bir dəfə evində işlədiyi varlı ailənin Laləni övladlığa götürmək təklifini necə qətiyyətlə rədd etdiyini belə xatırlayır: "İmkanlı bir ailə idi, evin xanımı dedi ki, qızım yoxdur, iki oğlum var, Laləni ver, mənim qızım olsun, hətta soyadını da dəyişərik. Razı olmadım”.
Bu sözlərdən sonra Lalə nənəsinə sarılaraq onu öpür və deyir: "Uşaq evində hər gecə dua edirdim ki, Allahım, nənəmə çox pul ver, gəlib bizi evimizə aparsın!"
Artıq nənənin nəvəsinə necə bağlı olduğu və onu heç bir halda başqasına vermək istəmədiyi aydın olur.
"Qızım, övladlarını uşaq evinə qoyanlar bir dəfə gedib o uşaqların gözündəki qəm-qüssəni görsünlər...", - deyə Nailə ana köks ötürür və sözlərinə davam edir:
“Mənim nənə olaraq, buna ürəyim dözmədi. Bir dəfə Məhəmməd uşaq evində mənim sözümə qulaq asmadı, mən də ucadan dedim ki, “ay uşaqlar, kim mənim uşağım olmaq istəyir, onu evimizə aparacağam”. İnanırsınız, əlini qaldırmayan uşaq qalmadı. Hamısı “nənə bizi apar, biz sənin balan olarıq” dedi.
Söhbətimiz yekunlaşır. Məhəmməd və Lalə nənəsindən qonşu uşaqlarla velosiped sürmək üçün icazə istəyirlər. Biz də sağollaşıb uşaqlarla birgə evdən çıxırıq. Arxamızda isə küləyin tərpətdiyi tut ağacının xışıltısı və o xışıltıya qarışan uşaq gülüş səsləri eşidilir. Bəlkə də elə bu səslərdir gələcəyə ümid verən, ağır keçmişin izlərini sakitcə silən...
Oxşar xəbərlər
Ötən dövrdə 44 uşaq himayədar ailələrə verilib
Beş uşaq himayədar ailələrə verilib
Ötən ay altı uşaq övladlığa götürülüb, iki uşaq isə himayədar ailəyə verilib
Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"
“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
