VI çağırış Naxçıvan MR Ali Məclisi audit üzrə görülmüş işlərə dair Hesablama Palatasına məlumat təqdim etməyib
Səlahiyyət müddəti başa çatmaqda olan VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparılmış auditin nəticəsi üzrə görülmüş işlərlə bağlı hazırkı tarixədək Hesablama Palatasına məlumat təqdim etməyib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, müvafiq nəzarət tədbirinin nəticəsi üzrə qəbul edilmiş qərarın icrasının izlənilməsi davam etdirilir.
Milli Məclisinin İşlər İdarəsində aparılmış auditin nəticəsi üzrə Kollegiya Qərarında müəyyən edilmiş məsələlərin icrası isə təmin edilib və bununla bağlı cavab məktubu Hesablama Palatasına daxil olub.
Qeyd edək ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası AIi Məclisi tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair auditi 2023-cü ili əhatə edib. Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub. Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilib və buna uyğun sığorta haqqı xərcləri hesablanıb. Ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyərək ümumilikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib. Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib. Təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 mln. manat vəsait bank hesabında qalıq olaraq saxlanılıb. Hesablama Palatasının Kollegiyası tərəfindən əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verilib.
Xatırladaq ki, Hesablama Palatası Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair auditi zamanı ciddi nöqsanlar aşkarlamayıb. Audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 mln. manat vəsaiti əhatə edib. Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilmişdir. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.
Oxşar xəbərlər
Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb
Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatası Naxçıvanda büdcədənkənar vəsaitlərin icrası ilə bağlı kənarlaşmalar aşkarlayıb
"Naxçıvan TV"-də dövlət əmlakından istifadə ilə bağlı pozuntular aşkarlanıb
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












