Bakıda ASOSAI-nin Ətraf Mühit Auditi üzrə Hesabatı təqdim olunub
Bakıda keçirilən Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci iclasında Ətraf Mühit Auditi üzrə İşçi Qrupunun hesabatı təqdim edilib.
"Sizinxeber.az" xəbər verir ki, hesabatı ASOSAI-nin Ətraf Mühit Auditi üzrə İşçi Qrupunun sədri Hou Kai təqdim edib.
O qeyd edib ki, son bir ildə İşçi Qrup öz fəaliyyətini 2023–2024-cü illər üzrə İş Planına uyğun şəkildə davam etdirib, qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Audit təcrübəsinin üzv Ali Audit Qurumları arasında paylaşılması asanlaşdırılıb, audit metodologiyaları üzrə mübadilə aparılıb, birgə auditlər və tədqiqatlar həyata keçirilib, seminarlar təşkil olunub və nəzəri-praktiki bilik mübadiləsi təşviq edilib.
Hou Kai həmçinin vurğulayıb ki, İşçi Qrup BMT və digər regional təşkilatların keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edib. Bu isə Asiya ölkələrinin ətraf mühit auditi sahəsində əldə etdiyi nailiyyətlərin və təcrübələrin beynəlxalq səviyyədə nümayiş etdirilməsinə imkan yaradıb.
Sədr əlavə edib ki, bu il fevralın 20-də İndoneziyada keçirilmiş 10-cu ASOSAI Ətraf Mühit Auditi Seminarı uğurla başa çatıb: "Seminara 40-dan çox nümayəndə qatılıb, tədbir "Bərk tullantıların idarə olunması auditi" mövzusuna həsr olunub. Hindistan və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz ölkədən nümayəndələr təqdimatlarla çıxış edib və öz təcrübələrini bölüşüblər".
Hou Kai onu da qeyd edib ki, ASOSAI və INTOSAI WGEA (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Ətraf Mühit Auditi üzrə İşçi Qrupu) təbii sərvətlərin və ətraf mühitin qorunmasında səmərəli və sağlam idarəetməni təşviq etmək baxımından ortaq baxışa malikdirlər: "Onların məqsədi üzv ölkələrin məsuliyyətlərini yerinə yetirməsi və iş planına uyğun fəaliyyətlərin davam etdirilməsidir. Ətraf mühit auditi sahəsində üzvlərin imkanlarının gücləndirilməsi məqsədilə təlimlər, birgə audit layihələri və elmi-tədqiqat əməkdaşlıqları planlaşdırılıb. Bununla yanaşı, 4-cü Yaşıl Görüş Mükafatı üzrə seçim mərhələsi keçiriləcək və 11-ci ASOSAI Ətraf Mühit Auditi Seminarı və 11-ci İşçi Görüşünə hazırlıq işləri aparılacaq. Bu fəaliyyətlər bilik və təcrübə mübadiləsinin təşviqinə, eləcə də üzv audit qurumlarının institusional potensialının artırılmasına xidmət edəcək".
Sonda Hou Kai əlavə edib ki, digər regionlardakı ətraf mühit auditi üzrə işçi qrupları ilə əməkdaşlıq və təcrübə mübadiləsinə böyük önəm verilir, Asiya ölkələrinin audit nəticələrinin paylaşılması qlobal nüfuzun genişlənməsinə töhfə verir.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Bakıda EUROSAI-nin Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir
Hesablama Palatası bu il üçün prioritetlərini açıqlayıb
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Azərbaycan ASOSAI-nin İdarə Heyətinin iclasına ev sahibliyi etmək istəyir
Hesablama Palatasının sədri: "Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













