
Yeni iqtisadi reallıq: Kriptovalyutaların yüksəlişi və institusional maraq - ARAŞDIRMA

Yeni iqtisadi reallıq: Kriptovalyutaların yüksəlişi və institusional maraq - ARAŞDIRMA
Kriptovalyuta bazarında son günlər əhəmiyyətli canlanma müşahidə olunur. “Bitcoin” (BTC) iyulun 14-də ilk dəfə olaraq 123 200 ABŞ dolları həddini keçərək yeni rekorda imza atıb. Hazırda BTC-nin qiyməti 127 min dollar civarındadır. Bazar üzrə ümumi kapitallaşma 3,67 trilyon ABŞ dollarına yüksəlib və bu artım yalnız “Bitcoin”ə deyil, həmçinin digər aparıcı rəqəmsal aktivlərə də təsir edib.
Ekspertlər baş verən bu artımı qlobal makroiqtisadi şəraitin sabitləşməsi, ABŞ-da kriptovalyuta ilə bağlı yeni qanunvericilik təşəbbüsləri və institusional investorların artan marağı ilə əlaqələndirirlər. Xüsusilə ABŞ Konqresində rəqəmsal aktivlərin tənzimlənməsinə dair irəli sürülən qanun layihələri bazarda müsbət əhval-ruhiyyə yaradıb.
“Sizinxeber.az” BTC-nin bahalaşmasının arxasında duran əsas amilləri araşdırıb.
Kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev “Sizinxeber.az”a bildirib ki, “Bitcoin”in 123 200 dollar həddini keçməsi bazar üçün mühüm hadisədir və bu yüksəliş bir neçə fundamental faktora söykənir:
“Əvvəla, qlobal miqyasda makroiqtisadi sabitlik özünü göstərməyə başlayıb. ABŞ-da inflyasiyanın azalması, Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətində ehtiyatlı davranması, iqtisadi aktivliyin bərpa olunması investorların riskli aktivlərə, xüsusilə kriptovalyutalara marağını artırıb. Eyni zamanda, iri korporativ şirkətlərin və fondların “Bitcoin”ə yönələn marağı da bazara əlavə likvidlik gətirir. Əsasən, “Bitcoin ETF” (real “Bitcoin”lərin alınıb saxlandığı fond) məhsullarına yönələn kapital axını qiymətlərin yüksəlməsinə şərait yaradır".
Ekspertin sözlərinə görə, institusional investorların artan iştirakı kriptovalyuta bazarına etimadı artırır və qiymətlərin sabit yüksəlişinə təkan verir. Bununla yanaşı, birjalarda BTC ehtiyatlarının son üç ildə minimum həddə düşməsi təklifin azalması fonunda qiymətləri daha da qaldırır.
Qiymət artımının digər mühüm səbəbi ABŞ Konqresinin Nümayəndələr Palatasına kriptovalyutalarla bağlı üç mühüm qanun layihəsinin müzakirəyə çıxarılmasıdır. E.Quliyev bunların sırasında CLARITY qanun layihəsi (rəqəmsal aktivlərin hüquqi statusunu və bazarda şəffaflığı artırmaq məqsədi daşıyır), GENIUS qanun layihəsi (stabilkoinlərin tənzimlənməsini nəzərdə tutur) və CBDC-lərin istifadəsinə qarşı qanun layihəsini (ABŞ-da mərkəzi bankın rəqəmsal valyutasının dövriyyəyə buraxılmasına qarşı çıxır) qeyd edib.
O hesab edir ki, bu layihələrin qəbul edilməsi ABŞ-da kriptovalyuta bazarının hüquqi çərçivəsini aydınlaşdıracaq və institusional investorlar üçün əlavə etimad yaradacaq. Onun sözlərinə görə, bu prosesin digər ölkələrə də nümunə olması mümkündür və bu, bazarın daha da böyüməsinə yol açacaq: “Bu, uzunmüddətli perspektivdə kriptovalyutaların daha geniş yayılmasına və bazarın daha sabit fəaliyyətinə imkan yaradacaq”.
Kriptovalyuta bazarı üzrə digər ekspert Kiril Xomyakov da qiymət artımının arxasında əsasən institusional marağın dayandığını bildirir:
“İnstitusional investorların əsasən "Bitcoin ETF"lərinə yönəlmiş kapital axını rekord həddə çatıb. Hazırda bu ETF-lər ümumilikdə dövriyyədə olan BTC-lərin 6,43 %-nə, yəni 150 milyard dollardan çox aktivə nəzarət edir. Təkcə 7-11 iyul tarixlərində bu fondlara 2,72 milyard dollar yeni vəsait daxil olub”.
Onun sözlərinə görə, bu müsbət tendensiya artıq ardıcıl beş həftədir ki, davam edir və qlobal bazarlarda riskli aktivlərə marağın artması, Nasdaq və S&P 500 indekslərinin tarixi maksimumlara çatması fonunda baş verir.
K. Xomyakov əlavə edib ki, getdikcə daha çox şirkət “Bitcoin”i korporativ ehtiyat aktivinə çevirir və kripto-xəzinəçilik konsepsiyasını genişləndirir.:
“Bu il ərzində şirkətlərin balanslarına rəqəmsal aktivləri daxil etməyə maraq iki dəfə artıb. Məsələn, “Strategy” (əvvəlki “MicroStrategy”) iyulun 13-nə olan məlumata əsasən 601 550 BTC-yə sahibdir və bu, dövriyyədəki bütün “Bitcoin”lərin təxminən 3 %-ni təşkil edir. Bu, BTC-nin strateji, uzunmüddətli aktiv kimi qəbul edildiyini təsdiqləyir”.
Qeyd edək ki, bazarda yalnız “Bitcoin” deyil, digər aparıcı kriptovalyutalar da yüksəliş nümayiş etdirir. Hazırda "Ether" (ETH) 2 989 ABŞ dollarına, "Binance Coin" (BNB) 680 dollara, "Solana" (SOL) isə 160 dollara ticarət olunur.