
Serhat Köksal: "QDTİB Azərbaycanın strateji rolunu gücləndirəcək layihələri dəstəkləməyə hazırdır“ - MÜSAHİBƏ

Serhat Köksal: "QDTİB Azərbaycanın strateji rolunu gücləndirəcək layihələri dəstəkləməyə hazırdır“ - MÜSAHİBƏ
Geoiqtisadi dəyişikliklər və regional davamlılığa artan ehtiyac fonunda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) sabitləşmə strategiyasından artımın bərpası mərhələsinə keçidi başa çatdırır. Bankın 2025-2026-cı illər üçün yeni biznes planı əməliyyat fəaliyyətinin genişləndirilməsi, kapitalın davamlı və məqsədyönlü istifadəsi, eləcə də iqtisadi inkişaf və regional inteqrasiyaya töhfə verən layihələrin maliyyələşdirilməsinin artırılmasına yönəlib. Yeni mərhələdə infrastruktur, bərpa olunan enerji və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə əsas tərəfdaşlardan biri kimi qiymətləndirilən Azərbaycan xüsusi diqqət mərkəzindədir. Bu baxımdan qeyd etmək yerinə düşər ki, QDTİB-in Rəhbərlər Şurasının 28-ci illik iclası gələn il məhz Azərbaycanda keçiriləcək.
QDTİB-in prezidenti Serhat Köksal “Sizinxeber.az”a müsahibəsində Bankın yenilənmiş strategiyasının əsas prioritetlərindən, Azərbaycanın artan rolundan və transsərhəd əməkdaşlıq perspektivlərindən danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Ötən il Qara Dəniz Ticarət və İnkişaf Bankı 2025-2026-cı illər üçün Strategiya və Biznes Planının ikinci mərhələsini təsdiqləyib. Bu sənəddə göstərilən əsas prioritetlər hansılardır? Əvvəlki mərhələ ilə müqayisədə nə kimi dəyişikliklər olub və bu prioritetlər Qara dəniz regionunda mövcud geoiqtisadi çağırışları və transformasiyaları necə əks etdirir?
- Bankın iki səhmdarı arasında münaqişənin başlanmasından qısa müddət sonra hazırlanan 2023–2026-cı illər üzrə Ortamüddətli Strategiya və Biznes Planın ilk mərhələsi təşkilatın qorunmasına, kapitalın saxlanmasına, likvidliyin artırılmasına və borc yükünün azaldılmasına yönəlmişdi. Bu yanaşma həm də mürəkkəb və dəyişkən maliyyə mühitinə, eləcə də mövcud geosiyasi məhdudiyyətlərə qarşı dayanıqlığın təmin olunmasını hədəfləyirdi.
Bu düşünülmüş, lakin çətin qərarlar əməliyyat fəaliyyətinin müvəqqəti ləngiməsini tələb edirdi, çünki prioritetimiz Bankın regional əməkdaşlığı təşviq etmək və iqtisadi inkişafı dəstəkləmək mandatını yerinə yetirməyə qayıtmasına imkan verən zəruri aydınlıq əldə olunana qədər dayanıqlığı və təhlükəsizliyi qorumaq idi.
Dönüş nöqtəsi 2024-cü ilin ortalarında, portfelin sabitləşməsinin kapital artımının ikinci raundunun uğurla başa çatması və əsas istiqraz emissiyasının ödənilməsi ilə üst-üstə düşdüyü zaman baş verdi. Həmin vaxtdan etibarən səhmdarların fəal dəstəyi və sabit maliyyə vəziyyəti sayəsində Bank öz əməliyyat fəaliyyətini mərhələli şəkildə bərpa etməyə başlayıb. Strategiyanın 2025-2026-cı illər üçün nəzərdə tutulmuş ikinci mərhələsi əldə edilmiş nəticələrə əsaslanır və ənənəvi dayanıqlı və idarə olunan artım modelinə qayıdışı nəzərdə tutur. Əsas diqqət kapitalın səmərəli istifadəsinə - həm birbaşa kreditləşməyə, həm də regionun iqtisadi inkişafına və regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən layihələrə əlavə maliyyənin cəlb edilməsinə yönəldiləcək.
Strategiyanın iki mərhələyə bölünməsi qərarı geoiqtisadi çağırışlarla bağlı idi və vaxtında verilmiş qərar oldu. Bank həm regionda, həm də onun hüdudlarından kənarda müxtəlif problemlərin monitorinqini davam etdirir və öz siyasətini mümkün qədər səmərəli şəkildə səhmdarların maraqlarına xidmət etmək üçün uyğunlaşdırır.
- Azərbaycan Bankın yenilənmiş strategiyasında hansı rolu oynayır? Ölkədə yeni təşəbbüslər və ya layihələr nəzərdə tutulurmu? Hansı sahələrdə əməkdaşlıq üçün daha böyük potensial görürsünüz?
- 2025-2026-cı illəri əhatə edən strategiyanın ikinci mərhələsində əsas prioritetlərdən biri nisbətən kiçik üzv ölkələrdə fəaliyyətin gücləndirilməsidir. Bu, Azərbaycandan gələn maliyyə sorğularının əksəriyyətinə müsbət cavab vermək üçün imkanlar açır.
Bununla belə, layihə yönümlü bir təşkilat olaraq biz tərəfdaşlarımızın konkret təşəbbüsləri və ehtiyacları əsasında fəaliyyət göstəririk. Biz Azərbaycanın iqtisadi inkişafına töhfə verən layihələri dəstəkləməyə və onun digər üzv ölkələrlə əməkdaşlığını dərinləşdirməyə hazırıq.
Bundan əlavə, biz mövcud müştərilərlə qarşılıqlı əlaqəni davam etdirəcəyik və mümkün olduqda bu əməkdaşlığı genişləndirəcəyik. Azərbaycan hökuməti tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) sahəsində həyata keçirilən islahatların əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Onlar birgə infrastruktur layihələri üçün yeni imkanlar açır. Biz həmçinin bərpa olunan enerji sahəsində təşəbbüsləri böyük maraqla izləyirik və bu istiqamətdə dəstək verməyə hazırıq.
- QDTİB-in ümumi portfelinin hazırkı həcmi və onda Azərbaycanın payı nə qədərdir? Bankın ölkədəki iştirakını genişləndirmək planları varmı? Hansı sektorlar daha çox maraq doğurur?
- 2024-cü ilin sonuna QDTİB-in ümumi portfeli təxminən 1,5 milyard avro təşkil edib. Azərbaycanın bu portfeldəki payı təqribən 2,6 % təşkil edib ki, bu da investisiyaların artırılması üçün əhəmiyyətli potensialı əks etdirir və biz əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırırıq.
31 dekabr 2024-cü il tarixinə Bankın Azərbaycandakı portfeli əvvəlki illə müqayisədə 6,8 dəfə artaraq 36,981 milyon avroya çatıb. QDTİB-in kapitalında ölkənin payı 5 % (100 000 səhm) təşkil edir ki, bunun üçün hökumət 115 milyon avro ödəməyi öhdəsinə götürüb.
Bank maliyyə fəaliyyətində həm hökumətin iqtisadi siyasətinin prioritetlərini dəstəkləməyə, həm də bazar tələbinə çevik cavab verməyə çalışır. Bu kontekstdə infrastrukturun inkişafına, regional ticarətin və əməkdaşlığın stimullaşdırılmasına, iş yerlərinin yaradılmasına yönəlmiş layihələrə üstünlük veririk.
Özəl sektorda əsas diqqət maliyyə xidmətləri, istehsal (xüsusilə də qeyri-neft sektorlarında), aqrobiznes, neft-kimya, pərakəndə satış və logistikaya yönəlib. Nəqliyyat sektorunun Azərbaycanın iqtisadiyyatında vacib rol oynamasını və regional inteqrasiya üçün əhəmiyyətini nəzərə alsaq, bu sektor da bizim üçün strateji əhəmiyyətli sahə olaraq qalır.
- QDTİB iştirakçı ölkələr arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsi üçün hansı yeni imkanları görür? İki və ya daha çox ölkənin iştirakı ilə, məsələn, logistika, enerji və ya rəqəmsallaşma sahələrində planlaşdırılan hər hansı transsərhəd layihələr varmı?
- QDTİB ikili mandata malikdir: iştirakçı ölkələrin iqtisadi inkişafına kömək etmək və onlar arasında əməkdaşlığı gücləndirmək. Biz bu məqsədlərə cavab verən layihələrin nəzərdən keçirilməsinə və maliyyələşdirilməsinə açığıq.
Hesab edirik ki, regionda iqtisadi inteqrasiya potensialı hələ tam reallaşdırılmayıb. Son illər ölkələrin xarici şoklara davamlılığını artırmaq üçün şaxələndirilmiş ticarət və iqtisadi əlaqələrin vacibliyini açıq şəkildə nümayiş etdirdi. Belə ki, COVID-19 pandemiyası zamanı logistika və qlobal təchizat zəncirlərindəki fasilələr bir çox ölkədə iqtisadi çətinlikləri daha da gücləndirdi. Bu, hökumətləri daha davamlı regional həllər axtarmağa və qloballaşma modelindən belə desək, regionallaşma modelinə keçməyə sövq etdi. Ölkələr ticarət yollarını şaxələndirmək və qonşu iqtisadiyyatlarla əməkdaşlığı dərinləşdirmək üçün imkanlar axtarmağa başladılar. Ticarət rejimlərinin dəyişkənliyi və proteksionizmin artması da əlavə amil oldu.
Bu kontekstdə iki və ya daha çox ölkənin logistika, enerji, rəqəmsal infrastruktur və digər sektorları əhatə edən yeni transsərhəd layihələrə başlaması üçün əhəmiyyətli potensial görürük. Bizim biznes modelimiz potensial müştərilərin müraciətlərinə əsaslanır və biz uyğunluq və iqtisadi məqsədəuyğunluq meyarlarına uyğun olaraq bu cür təşəbbüsləri dəstəkləməyə hazırıq.
- QDTİB Azərbaycanla hansı “yaşıl təşəbbüsləri” müzakirə edir? Bərpa olunan enerji, enerji səmərəliliyi və ya dayanıqlı nəqliyyat sahəsində nəzərdə tutulan konkret layihələr varmı?
- Artıq qeyd edildiyi kimi, Bank Azərbaycanın “yaşıl” iqtisadiyyatın inkişafı və davamlı artım mənbələrinə keçid istiqamətindəki fəal səylərini alqışlayır. Hazırda biz bərpa olunan mənbələrdən enerji istehsalı sahəsində bir sıra imkanları nəzərdən keçiririk.
Biz həmçinin enerji səmərəliliyinin artırılmasına, şəhər və nəqliyyat infrastrukturunun dayanıqlı inkişafına, o cümlədən “yaşıl” nəqliyyat sahəsində həllərə yönəlmiş layihələrdə maraqlıyıq. Hökumətin iqtisadiyyatın karbonsuzlaşdırılması və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi hədəflərini nəzərə alaraq, bu sahədə əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik və həm maliyyə, həm də ekspert dəstəyi göstərməyə hazırıq.
- QDTİB ilə Azərbaycan Mərkəzi Bankı arasında əməkdaşlıq necə inkişaf edir? Maliyyə sabitliyini gücləndirmək, rəqəmsal maliyyə texnologiyalarını inkişaf etdirmək və ya normativ-hüquqi bazanı təkmilləşdirmək üzrə birgə təşəbbüslər nəzərdən keçirilirmi?
- QDTİB layihə yönümlü bir qurumdur və Beynəlxalq Valyuta Fondu və ya Dünya Bankı kimi təşkilatlardan fərqli olaraq, biz birbaşa makroiqtisadi və ya siyasi dialoq aparmırıq.
Bununla belə, Bank həm dövlət, həm də özəl sektorda maliyyə sabitliyinin möhkəmləndirilməsinə, hüquqi bazanın və institusional potensialın inkişafına yönəlmiş layihələri dəstəkləməyə hazırdır. Bunun bariz nümunələrindən biri Azərbaycanın milli valyutası ilə istiqraz emissiyamızdır. Biz daxili bazarda manat istiqrazlarını yerləşdirən ilk beynəlxalq maliyyə institutu olduq ki, bu da hökumətin iqtisadiyyatın dollarsızlaşdırılması istiqamətində səylərini dəstəkləməkdə mühüm addım oldu. Bu təşəbbüs həm də kapital bazarının inkişafına və ölkənin maliyyə sektorunun dayanıqlığının gücləndirilməsinə töhfə verdi.
Digər nümunə yerli banklarla fəal əməkdaşlığımızdır. Maliyyələşdirmənin bir hissəsi kimi biz korporativ idarəetmə, risklərin idarə edilməsi, uyğunluq, kredit təhlili, restrukturizasiya və portfel monitorinqi üzrə ən yaxşı təcrübələrin tətbiqini təşviq edirik. Bu cür yanaşmalar həm ayrı-ayrı maliyyə institutlarının dayanıqlılığına, həm də bütövlükdə bank sektorunun səmərəliliyinə töhfə verir. Tərəfdaşlardan maraq olduqca QDTİB bu cür təşəbbüslərin həyata keçirilməsində dəstək verməyə hazırdır.
- Qeyd edildiyi kimi, QDTİB keçmişdə Azərbaycanın milli valyutası ilə istiqrazlar buraxıb. Bank manatla yeni istiqrazlar buraxmağı planlaşdırırmı? Belə bir qərarın qəbulu üçün hansı makroiqtisadi və ya bazar şərtləri əsas ola bilər?
- Fəaliyyətimizin digər aspektlərində olduğu kimi, QDTİB iştirakçı ölkələrdəki xüsusi sorğu və ehtiyaclara cavab verir. Daha əvvəl biz mövcud tələbat və müvafiq hüquqi-normativ bazanın mövcudluğuna uyğun olaraq manat istiqrazları buraxmışdıq. Bu, yerli tənzimləyicilərlə sıx əməkdaşlıq və əlverişli bazar şəraitinin yaradılması sayəsində mümkün olmuşdu.
Bu gün biz maliyyə institutları və korporativ sektor tərəfindən milli valyutaya olan marağın monitorinqini davam etdiririk. Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə yeni istiqraz emissiyaları vasitəsilə manatla maliyyələşməni təmin etməyə imkan verən müxtəlif hüquqi və maliyyə mexanizmləri nəzərdən keçirilir.
Hər bir belə qərar fərdi qiymətləndirilir - cari bazar şərtlərindən, makroiqtisadi vəziyyətdən və müştərilərimizin ehtiyaclarından asılı olaraq. Məqsədimiz bütün tərəflər üçün dayanıqlı və faydalı əsasda milli valyutaya çıxışı təmin etməkdir.
- Orta Dəhliz kimi nəqliyyat dəhlizlərinin artan əhəmiyyətini nəzərə alaraq, QDTİB regional infrastruktur layihələrinə investisiya potensialına necə baxır? Bank region ölkələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etməyi planlaşdırırmı?
- Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, iqtisadi əlaqələri gücləndirən və üzv ölkələr arasında ticarət və əməkdaşlığı genişləndirən mühüm ticarət marşrutudur. Bu marşrut boyunca nəqliyyat infrastrukturuna investisiyalar regional inkişaf bankı kimi QDTİB üçün əhəmiyyətli imkanlar yaradır.
Əlaqələri və logistikanı təkmilləşdirən transsərhəd layihələrin dəstəklənməsi mandatımıza birbaşa uyğundur. Buna görə də Bank təkcə Orta Dəhlizlə deyil, “Şimal-Cənub” dəhlizi və Böyük İpək Yolu kimi digər əsas təşəbbüslərlə əlaqəli olan, xüsusən də Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirən layihələrə üstünlük vermək niyyətindədir.
Belə layihələr, adətən, irimiqyaslıdır və dövlət qurumları, beynəlxalq maliyyə tərəfdaşları və özəl sektor arasında mürəkkəb qarşılıqlı əlaqə tələb edir. QDTİB həm maliyyə, həm də institusional iştirak baxımından onlara dəstək olmaqda fəal rol oynamağa hazırdır.
- QDTİB iştirakçı ölkələrdə, o cümlədən Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün hansı tədbirləri həyata keçirir? Kiçik və orta sahibkarlığa dəstək üçün yeni alətlər və ya proqramlar yaratmaq planları varmı?
- Birbaşa kreditlər, sindikatlaşdırılmış və birgə maliyyələşdirmə, habelə məhdud səhmlərdə iştirak kimi ənənəvi alətlərə əlavə olaraq, QDTİB son vaxtlar ticarətin maliyyələşdirilməsi ilə bağlı sahələri fəal şəkildə inkişaf etdirir.
Bankın böyük təcrübəyə malik olduğu dövlət-özəl tərəfdaşlıq layihələrinin dəstəklənməsinə də xüsusi diqqət yetirilir. 2023-cü ildə Azərbaycanın İqtisadiyyat Nazirliyinin nəzdində ixtisaslaşdırılmış PPP bölməsi yaradılıb və o, artıq yeni layihələrin, o cümlədən nəqliyyat sektorunda infrastruktur təşəbbüslərinin hazırlanması üzərində işləyir.
QDTİB gələcək PPP layihələrinin maliyyələşdirilməsində iştirak etmək üçün bu bölmə ilə sıx əməkdaşlıq etməyi planlaşdırır. Bundan əlavə, biz iqtisadiyyatın dayanıqlı inkişafında mühüm rol oynayan kiçik və orta sahibkarlığın ehtiyaclarına uyğunlaşdırılmış əlavə maliyyə alətlərinin hazırlanmasına açığıq.
- Uzunmüddətli investisiya proqramlarını planlaşdırarkən Qara dəniz regionunda geosiyasi sabitlik faktoru QDTİB üçün nə dərəcədə vacibdir? Artan turbulentlik və üzv ölkələrin dəyişən prioritetləri fonunda Bank öz strategiyasını necə uyğunlaşdırır?
- Geosiyasi və iqtisadi sabitlik, şübhəsiz ki, layihələrin səmərəli həyata keçirilməsi və müştərilərlə qarşılıqlı əlaqə üçün vacib amillərdir. Bununla belə, çoxtərəfli inkişaf institutu kimi QDTİB öz təbiətinə görə siyasi və ölkə riskləri mühitində fəaliyyət göstərir.
Vəzifəmiz kontrtsiklik hərəkət etməkdir, yəni özəl investorlar geri çəkilməyə meyilli olduqda onlara dəstək verməkdir. Biz müştərilər üçün riskləri azaltmaq və qeyri-sabit mühitdə belə kommersiya baxımından məqsədəuyğun layihələrin həyata keçirilməsinə diqqət ayırmaq üçün unikal statusumuzdan istifadə edirik.
Təbii ki, müstəsna hallarda, məsələn, Ukraynada münaqişənin kəskinləşməsi zamanı Bank kreditləşmənin həcmini müvəqqəti azaltmağa və öz mövqelərini və səhmdarların maraqlarını qorumağa diqqət yetirməyə məcbur olub. Bu məcburi addım bizə sabitliyi qoruyub saxlamağa və hələ 2024-cü ilin iyununda - davam edən problemlərə baxmayaraq, artım strategiyasına qayıtmağa imkan verdi. Bu yanaşma fəaliyyətimizin uzunmüddətli davamlılığını təmin edir və bizə ən çox ehtiyac duyulan bölgələrə dəstək göstərməyə imkan verir.