
Elçin Həbibov: "ASİB ölkələri ilə yeni məhsullar hazırlamaq üçün əməkdaşlıq edirik"

Elçin Həbibov: "ASİB ölkələri ilə yeni məhsullar hazırlamaq üçün əməkdaşlıq edirik"
"Azərbaycan Kredit Bürosu" MMC (AKB) Avrasiya Kredit Məlumatları Təşkilatçıları Assosiasiyasına (ASİB) üzv ölkələrin kredit büroları ilə birgə yeni məhsul və xidmətlər hazırlanması, eləcə də bazara çıxarılması istiqamətində sıx əməkdaşlıq edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Büronun baş direktoru Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ASİB 11 ölkənin təmsil olunduğu və 14 kredit bürosunun bir araya gəldiyi beynəlxalq platformadır: “Bu çərçivədə biz üzv qurumlarla təcrübə və informasiya mübadiləsi aparırıq, bir-birimizin hazırladığı məhsul və xidmətlərlə tanış oluruq. Hər hansı ölkədə ehtiyac yarandıqda, həmin model digər ölkədə də tətbiq olunur. Yeni məhsul və xidmətlərin bazara təqdimatında əməkdaşlıq bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir”.
Baş direktor qeyd edib ki, 2018-ci ildə yaradılmış AKB hazırda 268 təşkilatla məlumat mübadiləsi həyata keçirir, regionda aparıcı kredit bürolarından birinə çevrilib.
"Hazırda Büro 35-dən artıq xidmətlə maliyyə sektoruna dəstək verir. Həmçinin əhalinin kredit məlumatlarına çıxışı üçün "Fındoc" portalı vasitəsilə şəffaf və rahat mühit yaradılıb. Bu portal vasitəsilə vətəndaşlar kredit hesabatlarını oxuya, məlumatlar üzərində fikir bildirə və zəruri hallarda mübahisəli məqamları qeyd edə bilirlər. Bu sistem maliyyə savadlılığının artırılmasına da mühüm töhfə verir. Maliyyə sektoru genişləndikcə Büronun infrastrukturu da inkişaf edir və qurum fəaliyyətini beynəlxalq standartlara uyğun davam etdirir", - deyə E.Həbibov əlavə edib.