
TIF və EBRD türkdilli ölkələrdə birgə investisiyaları müzakirə edir

TIF və EBRD türkdilli ölkələrdə birgə investisiyaları müzakirə edir
Türk İnvestisiya Fondu (TIF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) institusional əməkdaşlıq imkanlarını araşdırır.
TIF-dən “Sizinxeber.az”a verilən məlumata görə, fondun nümayəndələri bankın rəhbərliyi ilə bir sıra konstruktiv və gələcəyə yönəlmiş görüşlər keçiriblər.
"Bu qarşılıqlı əlaqələr regional iqtisadi əməkdaşlıq, türk dünyası və Mərkəzi Asiya ölkələrində investisiyaların stimullaşdırılması, davamlı inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi üçün dəyərli fürsət oldu", - fonddan qeyd ediblər.
Önəmli görüşlərdən biri EBRD-nin prezidenti Odil Reno-Basso ilə olub. Görüşdə iki qurum arasında strateji əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin EBRD-nin Daşkənddəki nümayəndəliyində Mərkəzi Asiya və Monqolustan üzrə idarəedici direktor Hüseyin Özhan və bankın Özbəkistan ofisinin rəhbəri Andi Aranitasi ilə görüş keçirilib. Bu görüş regional potensialın istifadəsi ilə bağlı ümumi prioritetləri, strateji məqsədlərin üst-üstə düşməsini və gələcək birgə investisiyaların istiqamətlərini müəyyən etməyə imkan verib.
"EBRD nümayəndələri ilə dialoq regional inteqrasiya və dayanıqlı inkişafla bağlı ümumi istəyi əks etdirib", - fonddan bildiriblər.
Bundan başqa, EBRD-nin kiçik və orta biznesin maliyyələşdirilməsi və inkişafı üzrə regional rəhbəri Simona Tsex Atanasovski ilə görüşdə mikro, kiçik və orta müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılması, həmçinin maliyyə inklüzivliyinin genişləndirilməsi imkanları müzakirə edilib.
"TIF və EBRD iştirakçı dövlətlərin fondun daxili siyasətini təsdiqləməsindən sonra institusional əməkdaşlığa qarşılıqlı maraq ifadə edib. Hər iki tərəf regionda investisiya fəallığının stimullaşdırılması və inklüziv iqtisadi inkişafın dəstəklənməsi üçün daimi dialoqun və razılaşdırılmış səylərin vacibliyini vurğulayır", - TİF-dən bildiriblər.
Xatırladaq ki, Türk İnvestisiya Fondu iqtisadi əməkdaşlığa, regiondaxili ticarətin artırılmasına və davamlı inkişafa töhfə vermək üçün türk dövlətlərinin təsis etdiyi ilk beynəlxalq maliyyə qurumudur. Nizamnamə kapitalı 600 milyon ABŞ dolları olan fondun üzvləri Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.