16 
Ara
2023
13:16

Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi

16 Ara, 2023
13:16
0

Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi

Moskvada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Dekabrın 12-də Azərbaycanın Rusiyadakı Səfirliyinin Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birlikdə təşkil etdiyi tədbirə iki ölkənin parlament üzvləri, Rusiya paytaxtındakı diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun təmsilçiləri qatılıblar.

Tədbirin qonaqları Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil edilmiş fotosərgi ilə tanış olublar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Heydər Əliyev şəxsiyyətinin ölkəmizin tarixində yerindən, o cümlədən milli mədəniyyətin inkişafında rolundan söz açıb: “Bir mədəniyyət xadimi və uzun müddət Heydər Əliyevin rəhbərliyi altında çalışmış insan kimi deyə bilərəm ki, o, milli mədəniyyəti Azərbaycan xalqının sərvəti kimi qiymətləndirirdi”.

Azərbaycan-Rusiya əməkdaşlığının Heydər Əliyevin xarici siyasət strategiyasında xüsusi yer tutduğunu deyən diplomat vurğulayıb ki, bu il Rusiyada Ulu öndərin 100 illiyi geniş şəkildə qeyd olunub, ölkənin bir sıra şəhərlərində tədbirlər keçirilib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Rusiyada Heydər Əliyevin xatirəsini böyük səmimiyyət və ehtiramla yad edirlər. Heydər Əliyev Rusiyanın böyük və səmimi dostu, Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafının tərəfdarı olub.

Tədbirdə TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın müəllifi olduğu “Liderin ürəyi” sənədli filmi nümayiş etdirilib. O deyib: “Biz dahi insan haqqında olan bu filmi böyük sevgi ilə yaratdıq. Həmin vaxtlar Azərbaycanda yaşamış və mənim yaşıdlarım olan insanlar üçün bizim nəslin formalaşmasında Heydər Əlirza oğlunun obrazı, onun liderliyi çox mühüm idi, çünki bizim sosial cəhətdən təşəkkül tapmağımız onun vaxtında baş verib”.

M.Qusman tədbirdə iştirak edən Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Elçin Əzizovdan filmdə səslənən mahnını ifa etməsini xahiş edib. Polad Bülbüloğlu royalın arxasına keçib, iştirakçıların alqışları altında “Liderin ürəyi” mahnısı  səsləndirilib.

 

Bizimlə əlaqə saxlayın