Federasiya rəsmisi Azərbaycan idmançılarının Dünya Kubokundakı çıxışını dəyərləndirib
Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycan idmançılarının "Şahdağ"da keçirilən xizək alpinizmi üzrə Dünya Kubokundakı çıxışını dəyərləndirib.
O, “Sizinxeber.az”a açıqlamasında yarışda uğurlu nəticə qazanılmamasını idmançıların təcrübəsiz olması ilə izah edib.
Federasiya rəsmisi turnirə qatılan Azərbaycan təmsilçilərinin sıfırdan başladıqlarını vurğulayıb:
“Bu idman növünə cəmi iki ildir başlamışıq. Həmçinin idmançılarımız da yenidirlər. Milli azərbaycanlılardan ibarətdir. Komandaya əlavə idmançılar da cəlb edirik. Hər biri, demək olar ki, sıfırdan başlayıb. Bu idman növü ilə 20-25 il məşğul olan idmançılarla yarışmaq belə onlar üçün böyük nailiyyətdir. Məsələn, Seyid Sədrəddinov vertikal yarışda vaxt baxımından daha yaxşı nəticə göstərdi. Hər bir idman növünün inkişafı üçün vaxt tələb olunur”.
O, idmançılardan yüksək nəticə gözləmədiklərini söyləyib:
“İdmançılarımız Andorrada keçiriləcək təlim-məşq toplanışına hazırlaşırlar. Başqa yarışlara da qatılacaqlar. Təbii ki, uşaqlardan yüksək nəticə gözləyə bilməzdik. Digər tərəfdən, öz evində yarışanda həyəcan daha çox olur. Çünki məsuliyyət və hər kəsin səndən gözləntiləri böyükdür. Buna baxmayaraq, uşaqlar öz üzərlərində çalışırlar və daha yaxşı nəticələr qazanacaqlarına inanırıq”.
G.Bədəlova komandaya yeni idmançıların cəlb olunması ilə bağlı seçimlərin davam etdiyini nəzərə çatdırıb:
“Hər il sentyabrda seçimlər aparırıq. Bundan əlavə, yayda "Şahdağ"da qaçış yarışları təşkil edirik. Qalib gələn uşaqları seçirik. Qusarla yanaşı, Qəbələdə də təlim-məşq toplanışı təşkil etməyi və bu rayonda da bu idman növünün inkişafı üçün təməl qoymağı planlaşdırırıq. Seçim turları davam edir. Hazırda iki - A və B komandamız var. B komandası bu il seçilmiş uşaqlardan ibarətdir. Yeni komandadır, üç nəfərdən ibarətdir. Amma yeni idmançıların cəlb olunması istiqamətində axtarışdayıq”.
Qeyd edək ki, xizək alpinizmi üzrə Dünya Kuboku yanvarın 10-13-ü aralığında "Şahdağ" Turizm Mərkəzində keçirilib. Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edib.
Oxşar xəbərlər
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Azərbaycan millisinin baş məşqçisi: "Komandanın mundialdakı çıxışını yüksək qiymətləndirirəm"
İradə Aşumova: “Komanda Perudakı dünya çempionatında çox gözəl nəticə göstərdi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













