
Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var - FOTO - YENİLƏNİB-1

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var - FOTO - YENİLƏNİB-1
Naxçıvan Muxtar Respublikası Pokurorluğu və Daxili İşlər Nazirliyi Şərur rayonunda baş verən qətl barədə birgə məlumat yayıb.
Sizinxeber.az-nın xəbərinə görə, birgə məlumatda deyilir ki, aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
10.47
Naxçıvanda quyudan meyiti tapılan 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovanın qətlə yetirildiyi məlum olub.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.
Saxlanılan qadının Zeynəb İsmayılovanın qonşusu olduğu bildirilir.
***
10.28
Naxçıvanda quyudan meyit tapılıb.
Bu barədə Sizinxeber.az-nın yerli bürosuna Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sizinxeber.az-nın xəbərinə görə, meyiti tapılan qadının kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılova olduğu məlum olub.
Emin Şirvanzadə
Ceyhun Məmmədov