AQTA heyvan bazarlarında monitorinqlər aparır, nöqsanlar aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
03 
Nis
2024
09:47

AQTA heyvan bazarlarında monitorinqlər aparır, nöqsanlar aşkarlanıb

03 Nis, 2024
09:47
1 476

AQTA heyvan bazarlarında monitorinqlər aparır, nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan satışı bazarlarında monitorinqlər həyata keçirir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. Bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib.

Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib.

Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək. Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub. Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın