Azərbaycanın səhiyyə sistemindəki uğurlar BMT-də təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
01:00

Azərbaycanın səhiyyə sistemindəki uğurlar BMT-də təqdim olunub

15 iy, 2025
01:00
686

Azərbaycanın səhiyyə sistemindəki uğurlar BMT-də təqdim olunub

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM 3) - “Sağlam Həyat və Rifah” məqsədinə ciddi və strateji şəkildə yanaşır. Ölkədə qəbul edilən “Azərbaycan 2030” və “Sosial-İqtisadi İnkişaf Strategiyası” bu istiqamətdə aparılan siyasətlərin əsasını təşkil edir və səhiyyə sektorunu dayanıqlı inkişafın mərkəzinə yerləşdirir.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) nəzdində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) çıxışı zamanı deyib.

Forum BMT-nin qərargahında baş tutub.

H.Hüseynov bildirib ki, sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, həm də fundamental insan hüququ və bütün DİM-nin reallaşdırılması üçün əsas şərtdir. O, üzv ölkələrin nümayəndələri ilə bu sahədə Azərbaycanın unikal təcrübəsini bölüşüb.

Dövlət rəsmisi qeyd edib ki, 2021-ci ildən etibarən tətbiq edilən icbari tibbi sığorta sistemi nəticəsində əhalinin 3500-dən çox tibbi xidmətə çıxışı təmin olunub, vətəndaşların xərcləri azalıb və səhiyyə sisteminə ictimai inam artıb.

O, həmçinin vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “malyariyasız ölkə” kimi tanınıb. Bu, uzun illər ərzində həyata keçirilən qabaqlayıcı tədbirlər və müxtəlif sahələr üzrə əməkdaşlığın nəticəsidir.

Bundan əlavə, milli peyvənd proqramı hazırda 11 peyvəndlə qarşısı alına bilən xəstəliyi əhatə edir və hexavalent peyvəndin tətbiqi bu istiqamətdə daha səmərəli və qənaətcil nəticələr verib.

Çıxışında H.Hüseynov 2024-cü ildə həyata keçirilən dərman vasitələri üzrə islahatlara da toxunub: “İslahatlar qeydiyyat prosedurlarını sadələşdirməklə yanaşı, keyfiyyətə nəzarəti gücləndirib və həssas əhali qrupları üçün dərmanlara çıxışı yaxşılaşdırıb. Ana və uşaq sağlamlığı sahəsində isə yeni doğulmuş körpələr və analar üçün evə ziyarət modeli tətbiq olunub, habelə reproduktiv sağlamlıqla bağlı yeni qanun layihəsi parlamentə təqdim edilib. Bundan başqa, rəqəmsal transformasiya çərçivəsində vahid səhiyyə informasiya sistemi qurulub, e-reseptlər və rəqəmsal xəstəlik vərəqələri tətbiq edilib. Bu yeniliklər şəffaflıq, vətəndaş məmnuniyyəti və xidmətin operativliyini artırır”.

Habelə, 2024-cü ildə istifadəyə verilmiş “Sağlamlıq Radiosu” adlı ictimai səhiyyə media platforması gənclər arasında xüsusilə populyarlıq qazanıb. Bu təşəbbüs sübuta əsaslanan sağlamlıq məlumatlarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.

Şöbə müdiri çıxışının sonunda bildirib ki, Azərbaycan öz təcrübəsini üzv dövlətlərlə bölüşməyə, tərəfdaşlıqlar qurmağa və çoxtərəfli əməkdaşlığı gücləndirməyə hazırdır. Onun sözlərinə görə, "DİM 3"-ə nail olmaq yalnız fərdi uğurlarla deyil, bütöv cəmiyyətin səfərbərliyi və sağlamlığın bütün inkişaf siyasətlərinə inteqrasiyası ilə mümkündür: “Gəlin bu ümumi məqsəd ətrafında birləşək: elə bir dünya yaradaq ki, orada heç kim kənarda qalmasın və sağlamlıq imtiyaz yox, hər kəs üçün təminat olsun”.

Qeyd edək ki, ECOSOC-un Yüksək Səviyyəli Siyasi Forumunun (HLPF) builki mövzusu “Heç kəsi kənarda qoymamaq naminə davamlı, inklüziv, elmə və sübuta əsaslanan həllər vasitəsilə 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi”dir. Forum çərçivəsində 37 ölkə könüllü milli hesabatlarını təqdim edəcək. Formun üç gün davam edəcək nazirlər seqmenti 21-23 iyul tarixlərində baş tutacaq.

Bizimlə əlaqə saxlayın