Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.
“İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.
700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.
İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın “təhrif olunmuş şərh” kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır”, - XİN sözçüsü qeyd edib.
Ayxan Hacızadə vurğulayıb ki, Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir: “Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.
İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.
Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq”.
Oxşar xəbərlər
Ayxan Hacızadə: Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
XİN: İƏT-ə üzv ölkələr Qərbi Azərbaycan İcmasının yurdlarına qayıdış hüququnu dəstəkləyib
Ayxan Hacızadə: “Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”
Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasında iki bəyanata qoşulmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
