
Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla ciddi təhlükələrdən sığortalanıb - RƏY

Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla ciddi təhlükələrdən sığortalanıb - RƏY
Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla bir çox ciddi təhlükələrdən sığortalanıb.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, hazırda daha çox təhlükəsizliklə əlaqəlidir: “zərbaycanda daxili risklər yox səviyyəsindədir. Ancaq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi sərhədlərimizin bağlı olması bizi xarici risklərdən qorudu. Milli təhlükəsizlik öndə olmalıdır. Bu, taktiki tədbir deyil, strateji xətdir və bunun bir yox, bir neçə səbəbi var, sadəcə, zəruri olan qədəri cəmiyyətə açıqlanır. Hər kəsə məlumdur ki, Azərbaycanın qonşuluğundakı iki böyük dövlət müharibə vəziyyətindədir, ona görə də ölkəmizə kütləvi qaçqın axını ola bilər. Rusiya 3 ildən artıqdır ki, Ukraynada son 80 illik tarixinin ən qanlı, ən şiddətli müharibəsini aparır. İran isə hər saat ABŞ və İsrail tərəfindən münaqişəyə cəlb oluna bilərdi və hazırda gördüyümüz mənzərə bunu təsdiqlədi. 44 günlük müharibənin nəticələrindən narazı qalan, Azərbaycanın daxildən qarışdırmaqla hədələyən dairələrin də mövcudluğunu nəzərə almalıyıq”.
Deputat Vüqar İskəndərov qeyd edib ki, dünya çalxalanır, baş verən proseslərin hər biri gözümüzün önündədir: “Hazırda hansı ölkələrin lideri güclüdür və qətiyyətlidirsə, həmin ölkələr bu gün bir çox fəsadlardan, problemlərdən qurtulmuş olur. Baş verən hadisələrin fonunda ölkəmizin quru sərhədlərin bağlı qalmasının nə qədər düzgün və doğru addım atıldığı göz önündədir. Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla görünən və pərdə arxasında qalıb görünməyən bir çox təhlükələrdən ciddi surətdə xilas ola bilib. Dövlət bütün vacib addımları atıb ki, ölkəmizin təhlükəsizliyi qorunsun. Hazırda qonşumuzda baş verən İsrail-İran qarşıdurması və münaqişənin daha da böyüməsi quru sərhədlərin bağlı qalması ilə ölkəmizin təhlükəsizliyinə nə qədər həssas yanaşıldığını bir daha ortaya qoyur. Baş verən hadisələr fonunda ölkəmiz stabillik adasına çevrilib. Bütün bunlar Azərbaycanın gücünü, qüdrətini və düzgün atılmış addımların, uğurlu siyasətin nəticəsini hər birimizə göstərir”.