Vaşinqton görüşü dünya nizamına da yeniliklər gətirəcək - RƏY
Vaşinqton görüşü dünya nizamına da yeniliklər gətirəcək - RƏY
Vaşinqtonda baş tutan görüş Bakı ilə İrəvan arasında münasibətləri tənzimləyən yeni siyasi çərçivə yaratmaqla yanaşı, dünya nizamına da özünəməxsus yeniliklər gətirəcək potensiala malikdir.
Bunu "Sizinxeber.az"a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, Azərbaycanı Naxçıvan, həmçinin Türkiyə ilə birbaşa birləşdirən Zəngəzur dəhlizinin (Tramp marşrutu) əhəmiyyəti çox böyükdür:
"Bunun sayəsində Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsinin sabitləşməsinə, eləcə də nəqliyyat və enerji axınlarının şaxələndirilməsinə imkan yaranacaq. Bu körpü Türkiyə üçün Anadolunun Cənubi Qafqazla “paylayıcı mərkəz” rolunu gücləndirən mühüm faktora çevriləcək. Hər halda bu layihə Avropa İttifaqı üçün tədarük zəncirinin çeşidləndirilməsi, ABŞ üçün isə bölgədə uzunmüddətli siyasi-texniki mövcudluğu təmin edəcək bir alət olacaq”.
STM prezidenti həmçinin Tramp marşrutunun reallaşması ilə regionun bəzi ölkələrinin Cənubi Qafqaza təsirinin xeyli azalacağı qənaətindədir:
"Burada söhbətin İran və Rusiyadan getdiyi aydındır. Yaranmış vəziyyətdə istər Tehran, istərsə də Moskva əllərində olan bütün rıçaqlardan istifadə edərək bu prosesi əngəlləməyə çalışacaqlar. Bu çərçivədə Ermənistanda çevrilişə əl atılması da mümkündür. Lakin ABŞ-nin bu layihədə birbaşa iştirakı kənar müdaxilələrin sayını və təsirini xeyli azaldacaq”.
