Fransanın sağçı Milli Birlik Partiyasının lideri Jordan Bardella oktyabrın 17-də ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla əlaqədar Emmanuel Makronun istefasını tələb edib.
Oxu.Az xəbər verir ki, parlament fraksiyasına Marin Le Penin rəhbərlik etdiyi partiyanın lideri bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu axşam Makronun üzr istəməsini və istefa verməsini gözləyirəm", - deyə Jordan Bardella bildirib.
O, ölkədə baş verənləri "Fransa üçün təhqir" adlandırıb.
"Biz onilliklər boyu davam edən göz yummağın, hakimiyyətin nüfuzunu itirməsinin, daxili təhlükəsizlik qüvvələrimizin mənəvi və maddi cəhətdən zəifləməsinin bədəlini ödəyirik. Artıq ayılmaq və düzgün siyasi seçim etmək lazımdır", - deyə Bardella vurğulayıb.
Oktyabrın 17-də Parisdə və Fransanın digər bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min nəfər olduğunu açıqlayıb.
Bəzi şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nünez ölkə üzrə 2 000-dən çox şəxsin saxlanıldığını bildirib. O, hakimiyyətin talan və qarətlərdə iştirak edən şəxslərin təqibini davam etdirəcəyini vəd edib.