ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatının başqa şəxsə verilməsi ilə bağlı qərara görə Norveç Nobel Komitəsini kəskin tənqid edib.

Oxu.Az xəbər verir ki, Ağ Ev lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Mən səkkiz müharibənin qarşısını almışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar ünvanlayıblar. Əslində mənə bir yox, səkkiz Nobel sülh mükafatı verilməli idi", - deyə dövlət başçısı sərt bəyanat verib.

Onun sözlərinə görə, söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də İsrail və HƏMAS arasında olan böhranların həllindən gedir.

Dövlət başçısı əlavə edib ki, daha iki münaqişəni - İran ətrafındakı və Rusiya ilə Ukrayna arasındakı böhranları həll etmək ərəfəsindədir:

"Hər iki proses sürətlə irəliləyir. Lakin onları nəzərə almasaq belə, mənim tərəfimdən həll edilmiş səkkiz müharibə Nobel sülh mükafatı almaq üçün tamamilə kifayətdir".

Tramp mükafatın BMT-də çalışan qadına verilməsini qınayıb və həmin şəxs barədə heç nə bilmədiyini söyləyib:

"Mən bu insan haqqında heç vaxt eşitməmişəm, çox adamı tanıyıram, ancaq onu eşitmirəm. Hər halda, təbrik edirəm".

O, həmçinin qalibi İsrailə qarşı qərəzli münasibətdə günahlandırıb.

Bundan əlavə, Tramp Koreya yarımadasında və Tayvan ətrafında silahlı toqquşmaların qarşısının alınmasını öz xidmətləri sırasına aid edib.

O həmçinin vurğulayıb ki, BMT qeyd olunan münaqişələrin tənzimlənməsində ona heç bir dəstək göstərməyib.

Onun fikrincə, Nobel Komitəsinin qərarı həm Norveçin, həm də sülh mükafatının nüfuzuna ciddi zərbə vurub.

Qeyd edək ki, sülhün möhkəmləndirilməsi və beynəlxalq hüquq normalarının bərqərar olması istiqamətindəki səylərinə görə 2026-cı il sülh üzrə Nobel mükafatı Navi Pilleyə verilib.