Ulu öndər Heydər Əliyev qan tökülmədən Azərbaycanı parçalanmaqdan xilas etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
13:28
0
0
2 964

Ulu öndər Heydər Əliyev qan tökülmədən Azərbaycanı parçalanmaqdan xilas etdi

07 in, 2025
13:28
2 964

Ulu öndər Heydər Əliyev qan tökülmədən Azərbaycanı parçalanmaqdan xilas etdi

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yeni əldə etmiş, lakin daxildə dərin siyasi və sosial böhran yaşayan bir ölkəyə çevrilmişdi. Hakimiyyətin mərkəzi zəifləmiş, bölgələrdə separatçı meyllər artmış, iqtisadi iflic baş vermiş, cəbhədə ardıcıl itkilər, ölkə daxilində isə silahlı qarşıdurmalar və anarxiya gündəlik həyatın reallığına çevrilmişdi. Belə bir dövrdə xalqın ümidi yalnız bir şəxsə yönəlmişdi: Heydər Əliyevə.

Naxçıvanda xalqla birlikdə siyasi fəaliyyətini davam etdirən Heydər Əliyev artıq o vaxtdan böyük nüfuz qazanmışdı. Onun bu nüfuzu və artan təsiri Bakıda bəzi dairələri narahat etməyə başlamışdı. O zamankı daxili işlər naziri İsgəndər Həmidovun Naxçıvana hərbi desant göndərmək planları da bu narahatlığın təzahürü idi. Lakin Naxçıvan Hava Limanını mühasirəyə alan yerli sakinlər açıq şəkildə bəyan etdilər ki, əgər Həmidov ora gələcəksə, onu “qarşılamağa hazırdırlar”. Bu hadisə Heydər Əliyevə olan xalq etimadının və inamının rəmzi kimi tarixə düşdü. İnsanlar onu qorumaq üçün ölümə belə getməyə hazır olduqlarını nümayiş etdirdilər.

Bakıda isə vəziyyət daha da kritikləşmişdi. Gəncədə Sürət Hüseynovun başçılığı ilə silahlı qiyam başladı və onun rəhbərlik etdiyi hərbi birləşmələr Bakıya doğru hərəkətə keçdi. Hüseynov açıq şəkildə bildirirdi ki, paytaxta daxil olandan sonra Elçibəy və onun komandasını meydanda dar ağacından asacaq. O dövrdə prezident olan Elçibəy bu təhlükəyə qarşı çıxmaq üçün Gəncəyə ordu göndərdi. Vətəndaş müharibəsinin baş verməsi artıq bir addım məsafədə idi. Qarabağda davam edən müharibə, bir milyondan çox məcburi köçkün, aclıq və səfalət fonunda ölkənin içində silahlı qarşıdurmanın başlanması dövlətin tam süqutu ilə nəticələnə bilərdi.

Parlament bu kritik vəziyyətdən çıxış yolu olaraq Heydər Əliyevə müraciət etdi. O isə yalnız iki şərtlə məsələyə müdaxilə etməyə razı oldu: birincisi, vəziyyətlə bağlı qərarını yalnız Sürət Hüseynovla birbaşa görüşdən sonra bildirəcəkdi; ikincisi, bütün proseslər, o cümlədən parlamentin iclası canlı yayımda xalqa göstərilməli idi. Elçibəy bu şərtlərlə razılaşmağa məcbur qaldı. Heydər Əliyev isə silahsız, ordusuz və təkbaşına Gəncəyə yola düşdü. Bu addım böyük risk tələb edirdi, amma o, bunu etdi. Sürət Hüseynovla danışıqlar nəticəsində ölkədə silahlı toqquşmanın qarşısı alındı və Hüseynov Baş nazir vəzifəsinə təyin edildi.

Elçibəy siyasi təzyiqə və gərginliyə tab gətirə bilməyərək paytaxtı tərk etdi və doğulduğu Kələki kəndinə çəkildi. Bu, müstəqillik tariximizdə üçüncü dəfə idi ki, prezident çətin anda məsuliyyəti üzərindən atırdı. Xalq isə bir daha lider axtarışında ümidini Heydər Əliyevə bağladı. Onun siyasi səhnəyə qayıdışı yalnız bir şəxsin hakimiyyətə gəlməsi deyildi – bu, dövlətin xilas yoluna qədəm qoyması idi.

1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük dəstəyi ilə dövlət başçısı seçildi. Bu seçimlə ölkə tarixinin yeni mərhələsi başlandı. Heydər Əliyev həm ölkədaxili sabitliyi təmin etdi, həm də xarici siyasətdə mühüm dönüş yaratdı. O dövr üçün kritik əhəmiyyət daşıyan “Əsrin Müqaviləsi”nin imzalanması, Azərbaycanın neft resurslarının beynəlxalq bazara çıxarılması, xarici investisiyaların ölkəyə cəlb olunması və Qarabağ məsələsində beynəlxalq dəstəyin əldə olunması onun siyasi uzaqgörənliyinin və iradəsinin nəticəsi idi.

Heydər Əliyev Kreml tərəfindən edilən təzyiqlərə boyun əymədi. Rusiyanın “neft qarşılığında Qarabağ” təklifinə “yox” deyərək Azərbaycanın müstəqilliyini iqtisadi asılılığa qurban vermədi. Əvəzində Qərbə yönəldi, ABŞ, Böyük Britaniya və Avropa ölkələri ilə diplomatik və iqtisadi münasibətləri genişləndirdi. Bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatına milyardlarla dollar sərmayə gəldi. Ən əsası isə, ölkə içində xaos aradan qalxdı, dövlət sistemi formalaşdı, xalqın dövlətə inamı bərpa olundu.

1994-cü ilin sentyabrında, Heydər Əliyev BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən, Sürət Hüseynovun yenidən qiyam cəhdi və dövlət çevrilişi planı barədə xəbər aldı. Buna baxmayaraq, o, yenə də qandan, vətəndaş qarşıdurmasından qaçdı. Televiziya vasitəsilə xalqa müraciət etdi və xalq yenə də meydanlara axışaraq Prezidentinə sahib çıxdı. Azərbaycan bir daha qan tökülmədən, bir daha dağılmadan, bir daha öz dövlətçiliyini qorumağı bacardı.

Heydər Əliyev bu xalqı birləşdirdi, onun ruhunu dirçəltdi, dövlətçiliyi möhkəmləndirdi və gələcək uğurların əsasını qoydu. Bu gün Azərbaycanın güclü, qalib və nüfuzlu bir dövlətə çevrilməsi onun qoyduğu təməlin və siyasi irsinin nəticəsidir.

Onun həyat yolu təkcə bir siyasətçinin yox, bir dövlətin xilaskarının tarixidir. Xalq bu böyük lideri hörmət və minnətdarlıqla yad edir. Ruhu şad olsun.


İzzət Qurbanov
"Sözüm var" layihəsi üçün yazdı.

Bizimlə əlaqə saxlayın