Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi küçə-yol şəbəkəsində ümumi istismar üçün nəzərdə tutulmayan, hüquqi və fiziki şəxslərin istifadəsində olan texnoloji və digər mexaniki nəqliyyat vasitələrinə texniki baxış keçirir.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya əsasən, FHN-in dövlət qeydiyyatına və texniki baxışına aid edilən texnikalara aşağıdakılar daxildir:

- Yol-tikinti və dağ-mədən texnikaları: Vərdənələr, buldozerlər, qreyderlər, skreyperlər, asfaltqaşıyanlar, asfaltdöşəyənlər, yol freyzerləri, borudüzənlər, boruəyənlər, çalaqazanlar;

- Yükləyici və qaldırıcı mexanizmlər: Avtoyükləyicilər, müxtəlif növ yükləyicilər, qaldırıcı texnologiyalar (kranlar və s.);

- Traktor və ekskavator qurğuları: Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları istisna olmaqla, digər sahələrdə (məsələn, sənaye və tikintidə) istifadə olunan traktorlar, ekskavatorlar, tırtıllı və təkərli mexanizmlər.

- Digər xüsusi texnikalar: Kompressor stansiyaları, təkərli aqreqatlar, elektrik generatorları, qartəmizləyən və yolsüpürən xüsusi vasitələr, elektromühərrikli və müvafiq qoşqulu texnoloji nəqliyyat vasitələri.

Qeyd: İstehsal tarixi bir ildən az olan yeni texnoloji nəqliyyat vasitələri ilk dövr üçün texniki baxışdan azaddır, digərləri isə ildə bir dəfə baxışdan keçirilməlidir.

18:50

Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə bağlı bəzi sənədlərin şəxslərə çatdırılması təmin ediləcək.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Nazirlikdən bildirilib ki, yeni qərara əsasən, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta işləri üzrə sənədlərin poçt göndərişi, vəzifəli şəxs tərəfindən şəxsən, SMS vasitəsilə rəsmi çatdırılması mümkün olmadıqda həmin sənədlərin yuxarıda qeyd olunan prosedurlar zamanı çatdırılması təmin edilməlidir.

Elektron kabinetdə şəxsin mobil telefon nömrəsi olduqda, inzibati xəta haqqında elektron qərar həmin nömrəyə SMS bildiriş çatdırıldığı vaxt rəsmi təqdim edilmiş hesab olunacaq.

Mobil telefon nömrəsi olmadıqda isə şəxs elektron kabinetində yerləşdirilən sənədlərə və onların əlavələrinə baxdığı vaxt sənədlər rəsmi təqdim edilmiş sayılacaq.

Bu qayda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, bu xüsusda avtomobil dedikdə texnoloji nəqliyyаt vаsitələri və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələri (qоşqulаrı) nəzərdə tutulur.