ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin onun "tarixin səhv tərəfində" olması ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

Bu barədə Oxu.Az Vedomosti.ru-ya istinadən məlumat yayıb.

Vaşinqtondan seçkiqabağı mitinqin planlaşdırıldığı Kanzasa yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp deyib:

"Zelenski nə danışdığını anlamır. O, bu müharibəni çoxdan yekunlaşdırmalı olan bir şəxsdir. Əgər o, mənim sözümə qulaq assaydı, çoxdan daha sərfəli bir razılaşma əldə edərdi və onun ölkəsində milyonlarla insan həyatda qalardı".

O, həmçinin əlavə edib:

"Biz Ukraynaya çox şey verdik, ancaq onlar bizə heç nə vermədilər. Bunu yadda saxlayın. Bəlkə də Zelenskinin danışıqlar aparmaq işini başqa birinə həvalə etməsinin vaxtı çatıb".

Son həftələr ərzində iki siyasətçi arasında münasibətlər daha da gərginləşib. Bundan əvvəl Tramp Ukraynada prezidenti dəyişmək vaxtının gəldiyini bildirmiş, Zelenskini münaqişəni həll etmək istəməməkdə və qlobal yanacaq qiymətlərinin artmasına səbəb olan Rusiya neft emalı zavodlarına hücumlarda günahlandırmışdı.

Öz növbəsində Zelenski də ABŞ və Rusiya arasında dizel yanacağının tədarükünə dair razılaşmanı tənqid edərək, Trampı "zəif" adlandırıb.

Oktyabrın 18-də Zelenski Tramp Administrasiyasını Ukraynada "Starlink" sisteminin fəaliyyətini məhdudlaşdırmaqda ittiham edib, baxmayaraq ki, ABŞ tərəfi bunun yalan olduğunu diqqətə çatdırıb. Ukrayna lideri isə oktyabrın 19-da "Starlink"in işinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bir daha vurğulayıb.