Dünyada türk respublikaları çox olsa da, cəmi 7-si tam müstəqildir, onun da biri – Kuzey Kıprıs hələ tanınmır.

Məktəblərdə hicab hazırda 6 türk ölkəsində qadağandır: Kuzey Kıprısda, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda məktəbli geyiminə sərt nəzarət tətbiq edilir, Türkmənistanda yalnız milli geyimlərə icazə verilir...

“Özbəkistanda orta məktəblərdə hicab qadağası aradan qaldırılıb” deyənlər tamamilə yanılırlar. 2021-ci ildə Özbəkistanda hicablı qızların məktəbdən kənarda qalmaması üçün başörtüsünə icazə bu cür verilib – milli ənənəyə uyğun olmalıdır, yalnız açıq rəngli yaylıqlardan istifadə edilməlidir, çənə bağlana bilməz, yaylığın ucları mütləq şəkildə boyunun arxasında bağlanmalıdır və yaxud milli başörtüsü (doppi) taxıla bilər.

Bu, hicab anlayışına qətiyyən uyğun gəlmir; bu, hicab deyil, baş yaylığıdır. (Maraqlı variantdır, həm dövlət istədiyini edir, həm milli başörtüsü tətbiq edilir, həm də hicablı qızların başı açıq qalmır).

Yalnız Türkiyədə orta məktəblərdə hicab qadağası yoxdur, əksinə, hicab təşviqi var ki, bu da islamçıların hakimiyyətə gəlməsindən (2002-ci ildən) sonra baş verdi.

Hətta CHP sədrliyinə qaytarılan Kamal Kılıçdaroğlu da bildirir ki, Türkiyə vaxtilə bu səhvi edib, hicaba qadağa qoyub və qardaş məsləhəti verir ki, bizim vaxtilə etdiyimiz səhvi təkrar etməyin.

Doğrusu, mən də orta məktəb şagirdinin hicab geyməsinin tərəfdarı deyiləm, amma bunun qadağan edilməsinə də qarşıyam.

Yaxşı, tutaq ki, bizə “İsrail təsir edir”; yaxşı, tutaq ki, biz qalmışıq “İsrailin əlində” – neynək, bir anlıq fərz edək ki, bu uzaqgedən ehtimallarınızda haqlısınız. Bəs, qazax, türkmən, özbək, qırğız... da İsrailin “əlində” qalıb?

Yaxşı, bu Kuzey Kıprıs axı Türkiyənin birbaşa nüfuz dairəsindədir, rəsmən də Ankara KKTC-nin böyük qardaşı statusunda sayıla bilər. Kuzey Kıprıs niyə qadağan edir orta məktəblərdə hicabı?

Yəqin Kuzey Kıprısın “İsrailin təsir dairəsində” olduğunu deməzsiniz, inşallah!

Həm də bu qardaş ölkələrin hamısı Azərbaycandan əvvəl atıb bu addımı.

Tam səmimi olaraq soruşuram: niyə bu türk ölkələri şagirdlərə hicabı qadağan edir? Bu ölkələrin rəhbərliyində hansı məlumat var ki, hicabı orta məktəbə buraxmamaq qərarı verirlər?

Yenə təkrarlayıram: şəxsən qadağa tərəfdarı deyiləm, “qadağa” sözü gələndə başımdan od çıxır, ancaq şip-şirin balalarımızın hicab geyinməsini və yaxud onlara hicab geyindirilməsini də istəmirəm.

Sadəcə, maraqlıdır: bu 7-dən 6-da qadağanın səbəbi nədir?

Altı türk ölkəsi bir-birinin ardınca səhv edir, yalnız Türkiyə düz edir?